"Samsung" öz smartfonlarındakı problemi etiraf edib

"Samsung" öz smartfonlarındakı problemi

“Samsung” korporasiyası əməliyyat sisteminin yenilənməsindən sonra flaqman smartfonlarının batareyalarında yaranan problemlə bağlı istifadəçilərin şikayətlərini təsdiqləyib. Bu barədə Fransanın “Frandroid” nəşri məlumat yayıb.

“Galaxy S24” və “Galaxy S25” seriyalı smartfonların sahibləri “Android 17” əsasında “One UI 9” yeniləməsini quraşdırdıqdan sonra batareyaların qalıq tutumunun sürətlə azaldığını bildiriblər. Bəzi “Galaxy S25 Ultra” istifadəçilərində bu göstərici yenilənmədən dərhal sonra 100%-dən 97%-ə, bir neçə gün ərzində isə 96%-ə düşüb.

“Samsung”un dəstək xidmətinin nümayəndəsi istifadəçilərdən birinə cavabında problemin “One UI 9.5” yeniləməsi ilə aradan qaldırılacağını bildirib. Bununla belə, şirkət batareyaların faktiki olaraq daha sürətlə köhnəldiyini, yoxsa problemin onların qalıq tutumunu hesablayan sistemdəki xətadan qaynaqlandığını açıqlamayıb.

Nəşrin müəllifi Ulrix Rozye qeyd edib ki, batareyanın vəziyyətini qiymətləndirən alqoritmdəki dəyişiklik real aşınma baş vermədən də tutum göstəricisinin kəskin azalmasına səbəb ola bilər. Bununla yanaşı, bəzi istifadəçilər smartfonların enerji saxlaması müddətinin də qısaldığını bildiriblər.

Jurnalist istifadəçilərə “Samsung Members” tətbiqinin diaqnostika aləti vasitəsilə batareyanın vəziyyətini yoxlamağı, hələlik isə akkumulyatoru dəyişdirməyə tələsməməyi tövsiyə edib.

Qeyd edək ki, daha əvvəl “Samsung”un “Samsung News” xəbər tətbiqinin fəaliyyətini dayandıracağı açıqlanıb. Xidmətin 21 dekabr 2026-cı ildə dünya üzrə bağlanması planlaşdırılır.

MONETAR.AZ