Windows 11-də gizli funksiyalar aşkar edilib

Windows 11-də gizli funksiyalar

GHacks nəşrinin məlumatına görə, Windows 11-in erkən (eksperimental) versiyasında dörd gizli funksiya tapılıb. Bu imkanlar 26300.8289 nömrəli test versiyasında aşkar olunub və müəyyən ayarlar vasitəsilə aktivləşdirilə bilir.

Aşkar edilən funksiyalardan biri istifadəçilərə tapşırıqlar panelini (taskbar) standart olaraq aşağı hissədən çıxararaq iş masasının istənilən yerinə köçürməyə imkan verir. Bu xüsusiyyət əvvəllər Windows 10-da mövcud idi və istifadəçilər onun geri qaytarılmasını tez-tez tələb edirdilər.

Bundan başqa, Microsoft dizaynerləri “Run” (“İcra et”) dialoq pəncərəsini tamamilə yenidən işləyiblər. Bildirilir ki, bu alətin dizaynı son 30 ildə ilk dəfə bu qədər dəyişdirilib. Pəncərə yuvarlaq künclər, yarı şəffaf elementlər və qaranlıq rejim dəstəyi ilə yenilənib.

Digər yeniliklər arasında sistemə giriş zamanı yeni indikatorun əlavə olunması var: əvvəlki animasiyalı nöqtələr fırlanan vahid ikon ilə əvəz edilib.

Həmçinin “Yaddaş, disklər və həcmlər” bölməsində meqabayt və giqabayt arasında keçid imkanı yaradan yeni seçim aşkar edilib ki, bu da yaddaş qurğuları ilə işləməyi asanlaşdırır.

Qeyd edək ki, daha əvvəl Microsoft korporativ istifadəçilərə Copilot süni intellekt xidmətini Windows 11-dən silmək imkanı da təqdim etmişdi.

 

MONETAR.AZ