Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də keçiriləcək Azərbaycan dili (dövlət dili) imtahanı ilə bağlı abituriyent və şagirdlərə müraciət edib. Qurum imtahan iştirakçılarının kateqoriyalarını və tələb olunan vacib sənədlərin siyahısını açıqlayıb.
Xatırladaq ki, bu imtahanda cari ilin 25 may – 2 iyun tarixlərində qeydiyyatdan keçmiş aşağıdakı şəxslər iştirak edəcəklər:
-
Ali və orta ixtisas təhsil müəssisələrinə sənəd verən abituriyentlər: Mayın 3-də keçirilən birinci imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin məzunları.
-
Cari ilin 9 və 11-ci sinif məzunları: Hər hansı bir səbəbdən mayın 3-də buraxılış imtahanı çərçivəsində təşkil olunan Azərbaycan dili imtahanına qatıla bilməyən şagirdlər.
Hər iki kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini DİM-in rəsmi internet saytından onlayn qaydada çap etməlidirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.