FAO: Dünyada kəskin ərzaq təhlükəsizliyi ən ağır həddə çatıb

FAO: Dünyada kəskin ərzaq təhlükəsizliyi

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2026-cı il üzrə “Qlobal Ərzaq Böhranları Hesabatı”na əsasən, 2025-ci ildə kəskin ərzaq çatışmazlığının ən yüksək səviyyəsi Qəzza zolağında qeydə alınıb. Hesabata görə, bölgədə yaşayan bütün əhali  ərzaq təhlükəsizliyi baxımından böhran və ya daha ağır vəziyyətdə olub. Bu göstərici ardıcıl üçüncü ildir ki, dünyada ən yüksək səviyyə kimi qeydə alınır.

FAO bildirir ki, 2025-ci ildə vəziyyət daha da pisləşib və əhalinin 90 faizi fövqəladə və aclıq riski səviyyəsinə (IPC mərhələ 4 və 5) düşüb. 2024-cü ildə bu göstərici 88 faiz idi. Hesabatda qeyd olunur ki, 2025-ci ilin avqustunda Qəzza bölgəsində aclıq rəsmi olaraq təsdiqlənib.

Bunun əsas səbəbləri arasında humanitar yardımın məhdudlaşdırılması və bölgədə gərginliyin artması göstərilir. Eyni zamanda bəzi dövrlərdə yardım çatdırılmasının bərpası və qismən atəşkəsin vəziyyəti müvəqqəti yüngülləşdirdiyi bildirilir. Lakin ümumilikdə Qəzza zolağında vəziyyət kritik olaraq qalır və aclıq riski davam edir.

Hesabata görə, daha dörd ölkədə əhalinin yarıdan çoxu kəskin ərzaq çatışmazlığı ilə üzləşib. Bu ölkələr Cənubi Sudan (57%), Yəmən (52%), Sudan (51%) və Haiti (51%) olub.

Bundan başqa, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Namibiya, Zambiya və Zimbabve kimi ölkələrdə əhalinin 33–38 faizi ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşib.

Ən çox insan sayına görə isə Nigeriya, Konqo Demokratik Respublikası, Sudan, Yəmən və Əfqanıstan öndədir. FAO-nun məlumatına əsasən, Nigeriyada 30,6 milyon, Konqo Demokratik Respublikasında 27,7 milyon, Sudanda 24,6 milyon, Yəməndə 18,1 milyon və Əfqanıstanda 17,4 milyon insan kəskin ərzaq çatışmazlığı ilə qarşılaşıb.

Hesabatda vurğulanır ki, bu göstəricilər 2025-ci ilin pik dövründə qeydə alınmış vəziyyəti əks etdirir və qlobal ərzaq böhranının hələ də ciddi problem olaraq qaldığını göstərir.

MONETAR.AZ