Qadınlar kişilərdən daha çox işləyir – beynəlxalq araşdırma

Qadınlar kişilərdən daha çox işləyir –

Beynəlxalq təşkilatların məlumatlarına görə dünyada kişilər ödənişli işlərdə daha çox vaxt keçirsələr də, qadınlar ödənişsiz əmək də daxil olmaqla ümumilikdə daha çox işləyirlər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına əsasən, inkişaf etmiş ölkələrdə kişilər orta hesabla gün ərzində qadınlardan təxminən 100 dəqiqə – yəni 1 saat 40 dəqiqə daha çox ödənişli işlə məşğul olurlar. Lakin qadınlar ödənişsiz işlərə kişilərdən gündə orta hesabla 2 saatdan çox vaxt sərf edirlər. Bu isə nəticə etibarilə qadınların ümumi iş yükünün daha çox olduğunu göstərir.

Birləşmiş Millətlər Təşkilatının açıqlamasına görə, ödənişsiz əmək fəaliyyətinə yemək hazırlanması, evin təmizlənməsi, paltarların yuyulması, su və yanacaq toplanması, həmçinin uşaqlara, yaşlılara, əlilliyi olan şəxslərə və digər ailə üzvlərinə qulluq kimi fəaliyyətlər daxildir.

Araşdırma göstərir ki, qadınların ödənişli işlərdə iştirak səviyyəsi Avropa ölkələri və Avstraliya–Yeni Zelandiya regionunda daha aşağıdır. Bununla belə, həmin regionlarda həm qadınlar, həm də kişilər ödənişsiz işlərə daha çox vaxt ayırırlar. Nəticədə bu ölkələrdə qadın və kişilərin ümumi iş vaxtı demək olar ki, bərabərdir.

Asiya ölkələrində isə həm qadınlar, həm də kişilər ödənişli işlərdə daha çox çalışırlar. Lakin kişilərin ödənişsiz işlərdə iştirakı nisbətən azdır. Bu səbəbdən regionda qadınlarla kişilər arasında ümumi iş vaxtı fərqi daha böyükdür. Statistikaya görə, Asiyada qadınlar kişilərdən gündə orta hesabla 41 dəqiqə daha çox işləyirlər.

Avropa ölkələrində isə qadınların ödənişsiz əmək payının yüksək olması nəticəsində qadınlar kişilərdən gündə orta hesabla 35 dəqiqə daha çox işləyirlər.

ABŞ və Kanadada kişilər Avropadakı kimi təxminən eyni həcmdə ödənişsiz iş görsələr də, daha çox ödənişli əmək fəaliyyəti ilə məşğul olurlar. Bu ölkələrdə qadınlar Avropadakı qadınlara nisbətən daha çox ödənişli işdə çalışır və bir qədər az ödənişsiz əmək sərf edirlər. Nəticədə ABŞ və Kanadada qadınların ümumi iş vaxtı kişilərdən gündə təxminən 7 dəqiqə çox olur.

Mütəxəssislər hesab edirlər ki, bu göstəricilər qadınların ev təsərrüfatı və qayğı işlərində daha böyük məsuliyyət daşıdığını göstərir və gender bərabərliyi məsələsinin əmək bazarında olduğu kimi, ailədaxili əmək bölgüsündə də aktual olduğunu ortaya qoyur.

MONETAR.AZ