Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları vəsait ayrılıb. Bu müddətdə Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu vasitəsilə 70 minə yaxın gəncə müxtəlif formalarda dəstək göstərilib.
Bu fikirləri maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantısı çərçivəsində təşkil olunan “Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi” adlı tədbirdə səsləndirib.
A.Kərimov bildirib ki, gənclərə ayrılan vəsait xərc deyil, milli inkişaf üçün strateji investisiyadır. Onun sözlərinə görə, IsDB-yə üzv ölkələrdə yaşayan milyonlarla gənc böyük inkişaf potensialına malikdir və bu potensialın reallaşması üçün imkanlar dəstəklənməli, formalaşdırılmalı və maliyyələşdirilməlidir.
“İstedad və innovasiya sərhəd tanımır. Azərbaycanda biz gənclərə inanırıq və hesab edirik ki, onlar sadəcə xərc maddəsi deyil, milli inkişafın ayrılmaz hissəsi olan strateji investisiyadır”, – deyə nazir müavini vurğulayıb.
A.Kərimov qeyd edib ki, Azərbaycan gənc sahibkarlar üçün regional imkanların genişləndirilməsi istiqamətində də ardıcıl addımlar atır. O bildirib ki, təhsil yalnız iqtisadi deyil, həm də insan ləyaqətinə, məsuliyyətinə və cəmiyyətə xidmətə yönəlmiş investisiyadır. Bu baxımdan gənclərə investisiya qoyuluşu, eyni zamanda, gənc sahibkarlığın inkişafına dəstək deməkdir.
Nazir müavini vurğulayıb ki, gənc sahibkarların daha böyük bazarlara çıxışı üçün geniş imkanlar, yüksək mobillik və güclü ekosistemlər vacibdir. Onun sözlərinə görə, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan Orta Dəhliz boyunca mühüm nəqliyyat və ticarət qovşağı kimi mövqeyini daha da gücləndirir ki, bu da ticarətin, investisiyaların, innovasiyaların və insanlararası əlaqələrin inkişafına töhfə verir.
A.Kərimov IsDB-nin inkişafa yanaşmasının insanların potensialına investisiya qoyuluşuna əsaslandığını diqqətə çatdırıb. O, peşəkar fəaliyyətinin ilk illərində bankın Gənc Peşəkarlar Proqramının iştirakçısı olduğunu xatırladaraq, həmin proqram çərçivəsində Tacikistanın ucqar bölgələrində gənc sahibkarlar, xüsusilə qadınlar üçün İslam mikro-maliyyələşdirmə modellərinin qurulması istiqamətində çalışdığını bildirib.
“Bu təcrübə mənə göstərdi ki, gənclərə qoyulan investisiya maliyyə alətlərinin sərhədlərini aşan, uzunmüddətli və dayanıqlı nəticələr yaradır”, – deyə o qeyd edib.
Nazir müavininin sözlərinə görə, gənc liderlər gələcəyi gözləmir, onu artıq bu gündən qururlar. O əlavə edib ki, gənclərə vaxtında yaradılan imkanlar sərhədsiz innovasiya və rifah mühitinin formalaşmasına xidmət edəcək.
MONETAR.AZ