10 ildə foto və hamam xidmətləri cüzi ucuzlaşıb - digər xidmətlər bahalaşıb

10 ildə foto və hamam xidmətləri cüzi ucuzlaşıb -

10 ildə əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin ümumi dəyəri 53 faiz artaraq  90,57 manatdan 138,87 manata yüksəlib.

Dövlət Statistika komitəsinin  məlumatına görə, xidmət növləri üzrə artımlar aşağıdakı kimi olub:

Ayaqqabı təmiri, rənglənməsi və tikişi xidmətlərinə hər nəfərə düşən xərclər 0,61 manatdan 0,72 manata yüksəlib. Xəz, trikotaj, dəri və toxuculuq məmulatlarının, baş geyimlərinin təmiri və tikişi xidmətləri 1,26 manatdan 1,70 manata çatıb. Məişət maşın və cihazlarının təmiri, metal məmulatlarının hazırlanması və texniki xidmətlər üzrə göstərici 6,87 manatdan 11,88 manata qalxıb.

Vətəndaşlara aid nəqliyyat vasitələrinin təmiri və texniki xidməti üzrə xərclər 40,70 manatdan 61,75 manata yüksələrək, ən böyük paya malik xidmət sahəsi olaraq qalır. Kimyəvi təmizləmə və boyama xidmətləri 0,72 manatdan 1,37 manata, camaşırxana xidmətləri 0,84 manatdan 1,39 manata artıb.

Mənzil təmiri 4,58 manatdan 6,04 manata, bərbərxana xidməti 6,61 manatdan 11,70 manata, mərasim xidməti 1,64 manatdan 4,87 manata yüksəlib. Sair məişət xidmətləri üzrə hər nəfərə düşən xərclər isə 7,30 manatdan 35,68 manata qədər artaraq sürətli yüksəlişi göstərir.

Fotoqrafiya və foto-kino laboratoriya xidməti və hamam-duş xidmətləri isə əvvəlki dövrlə müqayisədə nisbətən stabil qalaraq müvafiq olaraq 0,32 manatdan 0,27 manata və 0,76 manatdan 0,75 manata düşüb.

MONETAR.AZ