2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 2 milyon 171,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azdır.
Ölkəmizə səfər edənlərin 24,4 faizi Rusiya Federasiyasının, 17,4 faizi Türkiyənin, 8 faizi İranın, 6,6 faizi Hindistanın, 4,3 faizi Səudiyyə Ərəbistanının, 4,2 faizi Gürcüstanın, 4 faizi Qazaxıstanın və 3,4 faizi Pakistanın vətəndaşları olub. Çindən gələnlərin payı 2,6 faiz, İsraildən 2,4 faiz, Özbəkistandan 2,3 faiz təşkil edib. Səfər edənlərin 66,4 faizi kişi, 33,6 faizi isə qadın olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gələn bəzi ölkələrin vətəndaşlarının sayında ciddi artım müşahidə edilib. Belə ki, İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan 1,8 dəfə, Yaponiyadan 1,6 dəfə, İordaniyadan 1,5 dəfə, Çindən 49,4 faiz, Qırğızıstandan 37,3 faiz, Özbəkistandan 35,8 faiz, Qazaxıstandan 19,4 faiz artıb.
Eyni zamanda, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 7,9 faiz artaraq 101,5 min nəfərə, körfəz ölkələrindən gələnlərin sayı isə 3,5 faiz azalaraq 352,6 min nəfərə düşüb. MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 740,8 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər təşkil edib.
Səyahətçilərin 76,3 faizi hava nəqliyyatından, 22,4 faizi dəmir yolu və avtomobildən, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
MONETAR.AZ