“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar istehsal vasitələri sənayesinin inkişafı kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və məhsuldarlığın artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Dövlət Proqramında qeyd olunduğu kimi, ölkədə karbamid gübrəsinin istehsalı mövcud olsa da, kənd təsərrüfatı sektorunun artan tələbatının tam şəkildə yerli istehsal hesabına ödənilməsi üçün istehsal güclərinin genişləndirilməsi zəruridir. Bu istiqamət aqrar sahədə idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Eyni zamanda, heyvandarlıq sektorunda yem təminatı üzrə xarici asılılığın azaldılması Dövlət Proqramının prioritet istiqamətlərindən biridir. Bu məqsədlə yerli xammal bazasının genişləndirilməsi, yem istehsalı müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və istehsal həcminin artırılması nəzərdə tutulur.
Dövlət Proqramına uyğun olaraq gübrə istehsalının təşviqi və yem istehsalının genişləndirilməsi əsas tədbirlər kimi müəyyən edilmişdir. Bu tədbirlər nəticəsində daxili tələbatın daha böyük hissəsinin yerli istehsal hesabına təmin olunması hədəflənir.
Gözlənilən nəticələrə əsasən, gübrə istehsalının artırılması və daxili tələbatın yerli istehsal hesabına ödənilmə səviyyəsinin yüksəldilməsi, həmçinin yem istehsalının genişlənməsi və heyvandarlıq sektorunda yerli yemlərin payının artırılması nəzərdə tutulur.
Sahənin inkişafı ilə bağlı əsas risklərə yüksək investisiya xərcləri, xammal təminatında fasilələr, texnoloji məhdudiyyətlər və idxal məhsulları ilə rəqabət daxildir. Dövlət Proqramında bu risklərin azaldılması üçün investisiya təşviqlərinin tətbiqi, güzəştli maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və yerli xammal bazasının gücləndirilməsi nəzərdə tutulmuşdur.
MONETAR.AZ