2025-ci ildə birja qızılı unsiya üzrə 4300 ABŞ dollarından yuxarı səviyyədə ili başa vuraraq illik 60 faizdən çox bahalaşıb. Bu göstərici qızılın qlobal qeyri-sabitlik dövrlərində əsas qoruyucu aktiv statusunu bir daha təsdiqləyib. Analitiklər 2026-cı ildə də qiymət artımının davam edəcəyini istisna etmirlər.
Məlumata görə, 2026-cı ilin yanvar ayının ilk iki həftəsində qızılın qiyməti daha 4 faizdən çox yüksəlib. Yanvarın 14-də isə unsiya üzrə 4661 dollar səviyyəsində yeni tarixi maksimum qeydə alınıb. 2025-ci il ərzində qızılın qiyməti 2624 dollardan 4322 dollara yüksələrək 64,7 faiz artıb. Əsas artım ilin ikinci yarısına təsadüf edib.
Analitiklərin fikrincə, qızılın bahalaşmasının əsas səbəbləri 2026-cı ildə də aktuallığını qoruyur. Bunlara qlobal geosiyasi gərginliyin artması, ABŞ dollarına etimadın zəifləməsi və aparıcı mərkəzi banklar tərəfindən faiz dərəcələrinin aşağı salınması daxildir.
Geosiyasi risklər xüsusilə diqqət çəkir. ABŞ-ın bir sıra ölkələrlə münasibətlərinin kəskinləşməsi, Yaxın Şərqdə və Şərqi Avropada davam edən gərginlik, həmçinin enerji bazarlarında qeyri-müəyyənlik investorların təhlükəsiz aktivlərə marağını artırır.
Ekspertlər hesab edirlər ki, mövcud şəraitdə qızıl 2026-cı ildə də investorlar üçün cəlbedici alət olaraq qalacaq. Bununla yanaşı, risklərin düzgün qiymətləndirilməsi və investisiya strategiyasının diversifikasiyası vacib sayılır.
Monetar.az