Dünya gümüş bazarı yeni təhlükə ilə üzləşib. Çin son aylarda defisiti örtmək üçün Londona rekord həcmdə gümüş göndərdikdən sonra ölkənin daxili ehtiyatları son on ilin minimumuna enib. İndi Çinin özünün də bazarı sabitləşdirmək imkanının məhdudlaşacağı bildirilir.
Birjalardan alınan məlumatlara görə, Şanxay Fyuçers Birjasının anbarlarındakı ehtiyatlar 2015-ci ildən bəri ən aşağı səviyyəyə düşüb, Şanxay Qızıl Birjasındakı həcm isə son 9 ildən çox müddət üçün minimum həddə enib. Buna səbəb rekord ixrac olub: təkcə oktyabr ayında Çin 660 tondan çox qiymətli metal çıxarıb.
Analitiklər Çin anbarlarının sürətlə boşalmasının bir neçə əsas səbəbini göstərir:
“Londonu xilasetmə”. Böyük Britaniyada yaranmış tarixi defisiti azaltmaq üçün qısa müddətdə çox böyük həcmdə metal göndərilib. Defisit Hindistan və ABŞ-da tələbin kəskin artması ilə bağlı idi.
Rüsum qorxusu. Treyderlər ABŞ administrasiyasının (Donald Tramp) mümkün gömrük rüsumları tətbiq edəcəyi ehtimalına görə ölkəyə aktiv şəkildə gümüş idxal ediblər.
Günəş enerjisi. Çində sənaye tələbi artır, çünki ilin dördüncü rübü ənənəvi olaraq günəş panellərinin quraşdırılmasının pik mövsümüdür.
Jinrui Futures şirkətindən analitik Szycze Vu bildirir: “Defisit Londona artan ixracdan qaynaqlanır. Təzyiq təxminən iki aya qədər zəifləyə bilər.”
Vəziyyət artıq Şanxayda bekvordasiyaya səbəb olub, yəni yaxın fyuçers kontraktlarının qiymətləri uzaq tarixli kontraktlardan daha yüksəkdir. Bu isə təklif çatışmazlığının ən açıq göstəricisidir.
Srağagün gümüşün spot qiyməti unsiya üzrə 52 dollardan yuxarı ticarət olunub və gün ərzində 1%-dən çox artıb. Son bir ildə qiymətlər 80% yüksəlib.
Durumu daha da gərginləşdirən amillərdən biri də Çində vergi islahatıdır. Birja kənarı satılan bəzi qızıl növləri üçün ƏDV qaytarılmasının ləğvi pərakəndə satıcıları gümüşə yönəldib. Bu xüsusilə Şenjyendəki ən böyük bazar olan Şuibeydə hiss olunur.
Shenzhen Guoxing Precious Metal Co. şirkətindən Lyu Şunmin belə izah edib: “Treyderlərin bir çoxu yeni qaydalardan sonra qızıla necə qiymət qoyacaqlarına əmin deyil, buna görə də bəziləri diqqəti gümüşə yönəldib.”
TD Securities analitikləri xəbərdarlıq edir: əgər ABŞ gümüşə rüsum tətbiq edərsə (metal yaxınlarda strateji minerallar siyahısına daxil edilib), bu, artıq ölkəyə gətirilmiş gümüşün “bloklanması” ilə nəticələnə bilər.
MONETAR.AZ