Qızıl dördüncü ay ardıcıl olaraq qiymət artımı ilə başa çatmağa hazırlaşır. Qiymətlər ABŞ-da faiz dərəcələrinin yenidən endiriləcəyinə dair artan inam fonunda yüksəlir, gümüş isə tarixi maksimumuna yaxınlaşır. Bu barədə Bloomberg xəbər verir.
Bugün qızıl təxminən $4 190 səviyyəsində ticarət olunub və həftəlik artım təxminən 5% təşkil edib. Fed rəsmilərinin açıqlamaları və gecikmiş iqtisadi göstəricilərin dərc olunması bazarı pul siyasətinin yumşaldılmasına inandırıb. Swaps treyderləri dekabrda faiz dərəcəsinin 0,25% endirilmə ehtimalını 80%-dən çox qiymətləndirirlər.
Durumu daha da mürəkkəbləşdirən isə rekord müddətli hökumət bağlanmasıdır. Dövlət qurumlarının işləməməsi əsas statistik göstəricilərin gecikməsinə səbəb olur, bəzi məlumatlar isə ümumiyyətlə açıqlanmayacaq. Bu, həm Fed, həm də investorlar üçün dünyanın ən böyük iqtisadiyyatının vəziyyətini düzgün qiymətləndirməyə mane olur.
Qızıl 2025-ci ilin demək olar ki, hər ayında qiymət artımı nümayiş etdirib və indi 1979-cu ildən bəri ən yaxşı illik göstəricisinə doğru gedir. Ötən ay metalın qiyməti tarixi pik olan $4 380-i keçib, sonra isə $4 000 səviyyəsinin üzərində konsolidasiya olunub.
Bu arada gümüş 1% artaraq keçən ay qeydə alınan rekord səviyyəyə yaxınlaşıb. Təklif çatışmazlığı və faiz dərəcələrinə dair gözləntilər dəstəyi artırır. Platin və palladium da yüksəliş göstərir. Platin Çin bazarında yeni fyuçers müqavilələrinin işə salınmasından sonra bahalaşıb və tələb artıb.
MONETAR.AZ