Bal bahalaşır: Qiymət artımı istehsalla ayaqlaşırmı?

Azərbaycanda son illərdə bal istehsalı sahəsində nəzərəçarpacaq artım müşahidə edilir. Əvvəllər əsasən dağlıq bölgələrlə məhdudlaşan arıçılıq fəaliyyəti hazırda aran ərazilərə də yayılıb.
Cari ildə 1 kiloqram balın orta satış qiyməti 28,6 manat təşkil edir. Bu, 2023-cü illə müqayisədə təxminən 10 faizlik artım deməkdir. Bahalaşma yalnız istehsal xərclərinin deyil, ümumi inflyasiya və bazar strukturlarının təsiri ilə də bağlıdır.
2024-cü ildə ölkədə 30 601 təsərrüfatda 579 min arı ailəsi saxlanılıb və onlardan 5 166 ton bal istehsal olunub. Bu, əvvəlki illə müqayisədə istehsal baxımından 13,5% artım deməkdir, lakin arı ailələrinin sayı 3,1 faiz azalıb. Bu azalma əsasən arı xəstəlikləri və bəzi təsərrüfatların fəaliyyətini dayandırması ilə izah olunur. Maraq doğuran məqamlardan biri də odur ki, məhsuldarlıq artmasına baxmayaraq, daxili bazarda balın geniş istehlakı hələ də formalaşmayıb.
Ekspertlərin qiymətləndirməsinə görə ölkədə adambaşına illik bal istehlakı 1–2 kiloqram səviyyəsindədir ki, bu da dünya üzrə orta göstəricidən 2 dəfə aşağıdır. Bu fakt istehlakın daha çox kənd yerlərində və müəyyən seqmentlərdə cəmləndiyini göstərir. Belə şəraitdə bazar tələbi təkliflə ayaqlaşa bilmir və qiymətlər daha çox inflyasiya və istehsal xərcləri fonunda formalaşır.
Bazarın digər bir aspekti isə idxalla bağlıdır. Azərbaycana əsasən Rusiya, Ukrayna, Türkiyə və Qazaxıstandan bal idxal olunur. Bu məhsulların öz alıcı kütləsi var və bəzən istehlakçılar xarici məhsula daha çox güvən göstərirlər. Bu da yerli istehsalçılar üçün əlavə rəqabət mühiti yaradır. İdxal məhsulları həm qiymət, həm də çeşid baxımından bazarda fərqli seqmentləri tutduğundan, yerli istehsalın böyüməsinə müəyyən maneə yaradır.
Sektorun inkişafı üçün dövlətin dəstəyi də mühüm rol oynayır. Subsidiyalar, vergi güzəştləri və arıçılığın təşviqi ilə bağlı maarifləndirici tədbirlər istehsalçıları daha da stimullaşdıra bilər. Eyni zamanda, geniş istehlaka keçid üçün reklam və brendin gücləndirilməsi vacibdir. Balın sağlamlıq üçün faydalı olması barədə maarifləndirmə kampaniyaları ilə istehlak səviyyəsini yüksəltmək mümkündür.
MONETAR.AZ
Ən son xəbərlər
Oxşar xəbərlər

Xankəndində biznes mərkəzi açılıb

Azəbaycanda gündə 37 şirkət yaranır

Mərkəzi Bank “MilliKart”a lisenziya verib

Gömrük yığımları 1 ildə 5 faiz azalıb
Axtarış
Axtarış Nəticələri
Heç bir nəticə tapılmadı
Başqa açar sözlər cəhd edin