"Moody’s" niyə belə elədi?

Beynəlxalq reytinq agentliyi "Moody’s", Azərbaycanın iqtisadi vəziyyətini və maliyyə öhdəliklərini qiymətləndirərək, ölkənin reytinq tavanlarını (yəni maksimum etibarlılıq dərəcələrini) yüksəldib.
Nə dəyişib?
-
Milli valyutada (yəni manatla olan öhdəliklər üçün) reytinq tavanı "Baa2"dən "Baa1"ə qaldırılıb.
-
Xarici valyutada (yəni dollar və ya avro ilə olan öhdəliklər üçün) reytinq tavanı "Ba1"dən "Baa3"ə yüksəlib.
Bu dəyişikliklər Azərbaycanın maliyyə cəhətdən daha etibarlı və sabit olduğunu göstərir.
Bəs bu reytinqlər nədir və niyə vacibdir?
Sadə dillə desək, reytinglər ölkələrin borc qaytarmaq qabiliyyətinə dair beynəlxalq dəyərləndirmədir. Yüksək reytinq- yaxşı göstəricidir. Bu, ölkənin:
-
Borc almaqda daha rahat olacağını,
-
Borcu daha aşağı faizlə ala biləcəyini,
-
İnvestorlar üçün daha cəlbedici olduğunu göstərir.
Bəs "tavan" nə deməkdir?
Reytinq tavanı – bu, ölkədə fəaliyyət göstərən digər şirkət və təşkilatların reytinq ala biləcəyi maksimum səviyyəni göstərir. Yəni, bu "tavan"dan yuxarı reytinq almaq mümkün deyil, çünki risklər ölkənin ümumi vəziyyəti ilə bağlıdır.
"Moody’s" niyə bu qərarı verib?
Müsbət səbəblər:
-
Azərbaycanın dövlət neft fondu kimi ehtiyatları var. Bu fond ölkəyə çətin vəziyyətlərdə yardım edir.
-
Xarici iqtisadi şoklara qarşı müqavimət güclüdür, yəni ölkə iqtisadi sabitliyini qorumağı bacarır.
Eyni zamanda bəzi risklər də qalır:
-
Dövlətin iqtisadiyyatda rolu çox böyükdür. Bu isə bazar mexanizmlərini bir qədər zəiflədir.
-
İdarəetmə institutları (qanunların tətbiqi, şəffaflıq və s.) hələ də zəifdir.
-
Ölkədə dollarlaşma səviyyəsi yüksəkdir – insanlar və biznes çox vaxt manat yox, dollar istifadə edir.
-
Rəsmi olaraq məzənnə dəyişkən olsa da, manat faktiki olaraq dollara bağlıdır. Bu da bəzi valyuta əməliyyatlarında risk yarada bilər (məsələn, valyutanı dollara çevirməkdə çətinliklər ola bilər).