Güclü avro: Fayda yoxsa təhlükə?

Avropa Mərkəzi Bankı (ECB) rəsmiləri avronun ABŞ dollarına qarşı sürətlə bahalaşmasının bölgədə iqtisadi sabitliyə və inflyasiya hədəflərinə mənfi təsir göstərə biləcəyindən narahatdır. Valyutanın son aylardakı möhkəmlənməsi, 1 avronun 1,18 ABŞ dolları səviyyəsinə yaxınlaşması ECB-də siyasət dəyişiklikləri ehtimalını gücləndirib.
Monetar.az xəbər verir ki, ECB-nin vitse-prezidenti Luis de Guindos-un sözlərinə görə, avro/dollar məzənnəsinin 1.20 həddini keçməsi vəziyyəti daha da çətinləşdirə bilər: “Bu səviyyəyə qədər məzənnə dəyişikliyini nəzarətdə saxlamaq mümkündür. Lakin 1.20-dən yuxarı qalxarsa, ixrac və inflyasiyada ciddi təzyiqlər yarana bilər.”
Hazırda güclü avro idxal mallarının ucuzlaşmasına səbəb olur ki, bu da inflyasiyanın nəzarətdə saxlanmasına yardımçı olur. Amma bu hal uzunmüddətli perspektivdə inflyasiya hədəfinin (2%) altında qalması riskini yaradır. Bu isə iqtisadi fəallığın azalması və deflyasiya təhlükəsini gündəmə gətirə bilər. ECB-nin baş iqtisadçısı Filip Leyn bildirir ki, qlobal və Avropa bazarlarında avroya marağın artması fonunda bu tendensiyanın qalıcı ola biləcəyi ehtimalı var, lakin vəziyyətə bazar reaksiyası müəyyənlik gətirəcək.
ING Bank-ın makroiqtisadiyyat rəhbəri Carsten Brzeski isə qeyd edir ki, avronun davamlı bahalaşması təkcə inflyasiya deyil, həm də ixrac sektoru üçün ciddi problemə çevrilə bilər. O bildirir ki, zəif xarici tələb fonunda artıq çətinliklə üzləşən Avropa ixracatçıları üçün bahalı avro əlavə zərbə ola bilər: “Bu vəziyyət Avropa iqtisadiyyatında yavaşlamanı dərinləşdirə, nəticədə ECB-ni daha yumşaq monetar siyasətə - o cümlədən faiz dərəcələrinin azaldılmasına məcbur edə bilər.”
ECB prezidenti Kristin Laqard valyuta məzənnələri ilə bağlı konkret fikir bildirməsə də, 2025-ci ilin qlobal valyuta bazarları üçün həlledici olacağını bildirib. O qeyd edib ki: “Tarazlıq pozulub və bu, bir gündə düzələn məsələ deyil. Hələlik yalnız müşahidə edirik.”
İqtisadçılar hesab edir ki, ABŞ və Avropa arasında faiz siyasəti fərqləri, həmçinin ticarət gərginlikləri məzənnələrə güclü təsir göstərəcək. ABŞ iqtisadiyyatının zəifləməsi və mümkün faiz endirimləri dollara təzyiqi artıra, bu isə avronun bahalaşmasını sürətləndirə bilər.
Avronun sürətli bahalaşması ilkin mərhələdə idxalın ucuzlaşması və inflyasiya təzyiqlərinin azalması baxımından müsbət görünsə də, ixracın zəifləməsi və inflyasiyanın hədəfdən aşağı düşməsi riski bu artımı qısa müddətli fayda, uzun müddətli təhlükə halına gətirə bilər.
ECB rəsmiləri və iqtisadçılar valyuta siyasətində ehtiyatlı davranılmasının vacibliyini vurğulayır və məzənnənin 1,2 səviyyəsini keçməsinin strateji baxımdan riskli ola biləcəyini bildirirlər.