2025-ci ildə ən çox dəyər itirən valyutalar

2025-ci ildə
4 İyul 2025 16:11

2025-ci ilin ilk yarısında bir sıra ölkələrin milli valyutaları ABŞ dolları qarşısında ciddi şəkildə dəyər itirib. Hazırlanan hesabatda ən çox dəyər itirən valyuta kimi Venesuela bolivarı qeyd olunur.

1 yanvar tarixində 1 ABŞ dolları almaq üçün 52 bolivar tələb olunurdusa 27 iyun tarixinə bu rəqəm 106 bolivara yüksəlib. Nəticədə bolivar il ərzində 51% ucuzlaşıb. Bu kəskin dəyər itkisi ölkədə davam edən yüksək inflyasiya, dollar ehtiyatlarının azalması, sabit məzənnə rejiminin ləğvi və ABŞ sanksiyalarının təsiri ilə əlaqələndirilir.

İkinci yerdə isə Cənubi Sudan funtu qərarlaşıb. Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozuna əsasən, Cənubi Sudan 2025-ci ildə dünyanın ən zəif iqtisadi performans göstərən ölkəsi olacaq. Neft ixracı əsas gəlir mənbəyi olan bu ölkə, qonşu Sudandakı müharibə səbəbindən nefti beynəlxalq bazara çıxarmaqda çətinlik çəkir. Bu səbəbdən gündə təxminən 7 milyon dollar ixrac gəliri itirilir. Üstəlik, hiperinflyasiya və siyasi qeyri-sabitlik vəziyyəti daha da çətinləşdirir.

2025-ci ilin ilk yarısında ABŞ dollarına qarşı ən çox dəyər itirən 10 valyuta aşağıdakılardır:

  1. Venesuela bolivarı – -51%

  2. Cənubi Sudan funtu – -15%

  3. Argentina pesosu – -13%

  4. Türkiyə lirəsi – -11%

  5. Liviya dinarı – -9%

  6. Tanzaniya şillinqi – -8%

  7. Liberiya dolları – -8%

  8. Surinam dolları – -7%

  9. Efiopiya birri – -6%

  10. Ruanda frankı – -5%

Bu siyahıdan da göründüyü kimi, 10 ölkədən 6-sı Afrikadadır və bu ölkələrin əksəriyyəti iqtisadi qeyri-sabitlik, inflyasiya və zəif institusional idarəetmə kimi problemlərlə üzləşir.

Milli valyutası tez-tez dəyər itirən ölkələrdə insanlar üçün sabit valyutalara, xüsusilə ABŞ dollarına çıxış imkanları məhdud ola bilər. Ölkədə fiziki dolların azlığı və məhdud xarici valyuta ehtiyatları bu vəziyyəti daha da çətinləşdirir.

Belə şəraitdə rəqəmsal dollarlar (stablecoin-lər) alternativ həll kimi ön plana çıxır. ABŞ dollarına bağlanan bu rəqəmsal aktivlər dəyər sabitliyini qoruyur və sadəcə bir smartfon vasitəsilə istifadəyə imkan verir. Bank hesabı olmayan insanlar üçün belə rəqəmsal dollarlar maliyyə sisteminə çıxış və öz əmanətlərini qorumaq imkanı yaradır.


Oxşar xəbərlər