Dövlətin 500 milyon manatı 29 günlük depozitdə

Maliyyə Nazirliyi 500 milyon manatlıq depozit hərracı keçirdi
2025-ci il iyulun 3-də Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə növbəti depozit hərracını həyata keçirib. Bu barədə Monetar.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Hərrac zamanı vahid xəzinə hesabının 500 milyon manat həcmində vəsaiti, bank sektorunun kapitallaşma və aktiv səviyyəsinə görə seçilmiş ölkənin ən iri üç bankında yerləşdirilib. Depozit yerləşdirilməsinin müddəti 29 gün, orta çəkili faiz dərəcəsi isə 7.25% təşkil edib.
Qeyd edək ki, bu depozit yerləşdirmə, bank sektorunun likvidliyinin dəstəklənməsi ilə yanaşı, dövlət vəsaitlərinin dövriyyəyə cəlb edilməklə daha effektiv şəkildə idarə olunmasına xidmət edir. Hərracda iştirak üçün yalnız ən iri beş bank arasından təklif təqdim edən banklar nəzərə alınıb ki, bu da risklərin minimuma endirilməsinə və vəsaitlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Xatırladaq ki, Maliyyə Nazirliyi bu cür depozit hərraclarını mütəmadi əsasda təşkil edir. Məqsəd dövlətin likvid vəsaitlərini qısa müddət ərzində dövriyyəyə cəlb etməklə həm büdcə vəsaitlərinin gəlirliliyini artırmaq, həm də bank sektoruna əlavə resurslar yönəltməkdir.