Azərbaycan son illərdə özünü regional logistika mərkəzi kimi təqdim etməyə çalışsa da, uzun müddət gömrük sistemində hökm sürən köhnə yanaşmalar bu iddianın reallığa çevrilməsini ciddi şəkildə ləngidib. Formal olaraq mövcud olan qaydalar əslində iqtisadi dinamikanı təşviq etmək əvəzinə, onu məhdudlaşdıran mexanizmə çevrilmişdi. Bu isə həm sahibkarların xərclərini artırır, həm də ölkənin tranzit potensialını tam reallaşdırmasına mane olur.
Problemin kökündə qeyri-müəyyənlik dayanır. Qanunvericilikdə bir çox əməliyyatların dəqiq təsvir olunmaması gömrük prosedurlarını “şərhə açıq” hala gətirir. Bu isə praktikada o demək idi ki, eyni əməliyyat müxtəlif hallarda fərqli şəkildə qiymətləndirilə bilərdi. Sahibkar üçün bu, planlaşdırıla bilməyən risk, gömrük əməkdaşı üçün isə geniş diskresiya sahəsi demək idi. Nəticədə qərarvermə mexanizmi şəffaf və standart deyil, bəzən situativ və subyektiv xarakter alırdı.
Bu sistemin ən ağır nəticəsi vaxt itkisidir Gömrükdə gecikən hər saat biznes üçün əlavə xərcə çevrilir: anbar xərcləri artır, logistika zənciri pozulur, bəzi hallarda isə malların keyfiyyəti risk altına düşür. Qlobal ticarətdə sürətin əsas rəqabət amilinə çevrildiyi bir dövrdə bu cür ləngimələr Azərbaycanı avtomatik olaraq daha çevik alternativ marşrutlarla müqayisədə zəif mövqeyə salır.
Digər ciddi problem isə tranzit imkanlarının məhdud istifadəsi idi. Azərbaycan coğrafi baxımdan Orta Dəhliz üzərində yerləşsə də, köhnə gömrük yanaşması bu üstünlüyü iqtisadi qazanca çevirməkdə yetərli deyildi. Sistem əsasən yüklərin sadəcə keçidinə fokuslanmışdı. Halbuki müasir logistika yalnız daşımadan ibarət deyil - əlavə dəyər yaradan əməliyyatlar (qablaşdırma, çeşidləmə, etiketləmə və s.) əsas gəlir mənbəyinə çevrilib. Köhnə qaydalar isə bu cür fəaliyyətləri ya məhdudlaşdırır, ya da onları bürokratik cəhətdən çətinləşdirirdi.
Sahibkarlar üçün “manevr imkanlarının” məhdudluğu da sistemin zəif tərəflərindən biri idi. Malların gömrük rəsmiləşdirilməsindən əvvəl üzərində hər hansı əməliyyat aparmaq demək olar ki, mümkün deyildi. Bu isə xüsusilə sərbəst iqtisadi zonaların potensialını faktiki olaraq bloklayırdı. Məsələn, Ələt Azad İqtisadi Zonası kimi layihələr köhnə hüquqi çərçivə daxilində onların tam gücü ilə işləməsi real deyildi.
Bütün bunların fonunda əsas sual ortaya çıxır: mövcud sistem kimə xidmət edirdi? Aydın görünür ki, bu model nə sürətli iqtisadi artımı, nə rəqabət qabiliyyətini, nə də tranzit gəlirlərini maksimumlaşdırmağa yönəlib. Əksinə, o, daha çox idarəetmənin konservativ və riskdən qaçan yanaşmasının məhsulu idi. Bu yanaşma dəyişən qlobal ticarət reallıqları ilə uyğunlaşmaqda aciz qalır.
Belə aydın olur ki, gömrük sistemi Azərbaycan iqtisadiyyatının potensialını məhdudlaşdıran “görünməz əngəl” rolunu oynayıb. O, nəinki yeni imkanlar yaratmır, hətta mövcud üstünlüklərin belə effektiv istifadəsinə mane olurdu. Bu baxımdan, son dəyişikliklər sadəcə texniki yenilənmə deyil, daha çox köhnə və qeyri-effektiv idarəetmə modelindən imtina kimi qiymətləndirilməlidir. Çünki qlobal iqtisadi rəqabətdə qalib gəlmək üçün yalnız coğrafi mövqe kifayət etmir - bu mövqeni işlək və çevik sistemlə dəstəkləmək vacibdir.
MONETAR.AZ