2026-cı ilin birinci rübündə Azəri-Çıraq-Günəşli yataqlar bloku üzrə neft hasilatı azalıb.
FED.az xəbər verir ki, SOCAR-ın açıqladığı və BP-yə istinad edilən məlumata görə, hesabat dövründə AÇG blokunda gündəlik orta hasilat 325 min barel təşkil edib. Bu isə ümumilikdə təxminən 29 milyon barel və ya 4 milyon ton neft deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici gündəlik 331 min barel olub. Beləliklə, hasilat illik müqayisədə 1,8 faiz azalıb.
Məlumata görə, hasilat yataqlar üzrə belə bölünüb: Çıraq - 19 500 barel, Mərkəzi Azəri - 89 800 barel, Qərbi Azəri -74 800 barel, Şərqi Azəri -43 900 barel, Dərinsulu Günəşli - 47 700 barel, Qərbi Çıraq- 22 600 barel və ACE - 26 700 barel.
Rübün sonunda AÇG-də 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektoru quyusu istismarda olub. Hesabat dövründə isə 2 neft hasilat quyusu, 3 su injektoru və 1 qaz injektoru quyusu qazılaraq tamamlanıb.
Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir. Layihədə SOCAR, eləcə də digər beynəlxalq şirkətlər iştirak edir.
MONETAR.AZ