İranda baş verən müharibənin yaratdığı qlobal enerji böhranı ABŞ-da avtomobil sürücülərinə ciddi təsir göstərib. Bloomberg agentliyinin məlumatına görə, Kaliforniya ştatında benzinin orta pərakəndə qiyməti psixoloji hədd olan gallon üçün 6 dolları keçib (təxminən litr üçün 1,59 dollar).
American Automobile Association (AAA) məlumatına əsasən, adi markalı qurğuşunsuz benzinin orta qiyməti ştatda gallon üçün 6,01 dollara çatıb. Bu, 2023-cü ilin oktyabrından bəri ən yüksək göstəricidir. Yaxın Şərqdə hərbi əməliyyatlar başlamazdan əvvəl isə “Qızıl ştat”da bu rəqəm 4,64 dollar idi.
Qeyd edək ki, ABŞ tarixində indiyədək heç bir ştatda benzin qiyməti gallon üçün 6 dollar həddini keçməyib. Eyni zamanda, Kaliforniyada kommersiya dizel yanacağının qiyməti də rekord yeniləyərək gallon üçün 7 dolları ötüb.
Yüksək yanacaq qiymətləri ölkədə ciddi siyasi risk yaradır. Bu, xüsusilə qarşıdan gələn Konqres seçkiləri ərəfəsində Donald Trump administrasiyası üçün mühüm çağırış hesab olunur. Bundan əlavə, yanacaq inflyasiyası Federal Ehtiyat Sistemi (FES) üçün vəziyyəti çətinləşdirir. Qurum həm qiymət artımını cilovlamaq, həm də işsizliyin yüksəlməsinin qarşısını almaq arasında balans yaratmalıdır.
Kaliforniyada qiymətlərin kəskin artımı yalnız geosiyasi amillərlə deyil, həm də ştatın logistik məhdudiyyətləri ilə bağlıdır. Ştat faktiki olaraq “yanacaq adası” kimi fəaliyyət göstərir. Burada Meksika körfəzi sahillərində yerləşən iri neft emalı zavodlarından hazır məhsulların nəqlinə imkan verən magistral boru kəmərləri yoxdur.
Vəziyyəti daha da ağırlaşdıran digər amil isə daxili emal güclərinin azalmasıdır. Belə ki, 2025-ci ilin oktyabrından bəri ştatda iki böyük neft emalı zavodu bağlanıb və bu, Kaliforniyanın emal gücünün təxminən 20%-nin itirilməsi ilə nəticələnib.