2026-cı ilin ilk rübündə Azərbaycanda mehmanxana sektorunun gəlirləri artım nümayiş etdirib. Dövlət Statistika Komitəsinin məlumatına görə yanvar-mart aylarında hotellərin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % artaraq 128,7 milyon manata çatıb.
Gəlirlərin əsas hissəsi nömrələrin (otaqların) təqdim olunmasından formalaşıb – 58,2%. İctimai iaşə xidmətləri 27,3%, müalicə və sağlamlıq xidmətləri 3,8%, digər xidmətlər isə 10,7% paya malik olub.
Buna baxmayaraq, sektorun effektivliyini göstərən əsas göstəricilərdən biri olan doluluq səviyyəsində azalma qeydə alınıb. 2026-cı ilin ilk üç ayında hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsi 18,1% olub. Bu göstərici ötən ilin eyni dövründə 19,3% təşkil etmişdi.
Regionlar üzrə ən yüksək doluluq səviyyəsi Qusarda (40,4%) və Naftalanda (39,9%) qeydə alınıb. Paytaxt Bakıda bu göstərici 26,9% olub. Digər əksər bölgələrdə isə doluluq səviyyəsi 20%-dən aşağı qalıb.
MONETAR.AZ