Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ilin sonunadək Azərbaycanın bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər təşkil edəcək.
Təlimlər Prezidentin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1–3-cü bəndlərində nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilir. Həmin tədbirlər üzrə DİM əsas icraçı qurum müəyyən edilib.
Noyabrın 24-dən 27-dək davam edəcək təlimlər Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarını əhatə edir.
Bu gün Mərkəzin əməkdaşları tərəfindən dövlət qulluqçuları üçün “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Ünsiyyət bacarıqlarının inkişafı” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər keçirilib.
Təlimlərdə iştirakçılara müvafiq mövzular üzrə məlumat verilib, müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda da davam etdiriləcək.