90 yeni mənzili kirayə ilə satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır

 90 yeni mənzili kirayə ilə satışa çıxarılır:

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən yaşayış komplekslərində ümumilikdə 90 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə çıxarır.

Təqdim ediləcək mənzillərdən 31-i Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, 31-i Sumqayıt şəhəri, Sülh prospektində, 28-i isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşir.

Mənzillər 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişlər 445 manatdan başlayır.

Yeni yaşayış sahələrinin seçimi 1 dekabr 2026-cı il tarixində saat 15:00-dan etibarən mümkün olacaq. Vətəndaşlar mənzillərin siyahısı ilə Fondun rəsmi internet səhifəsində tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə aparılacaq. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyasından istifadə etməklə təsdiqləyə biləcəklər.

Biometrik identifikasiya üsulunun tətbiqi və mənzil seçimi prosesi ilə bağlı ətraflı təlimat bu linkdə təqdim olunub.

Fondun məlumatına görə, bütün vətəndaşlar üçün bərabər seçim imkanlarının təmin edilməsi məqsədilə imtinalar nəticəsində yenidən boşalan mənzillər də hər iş günü saat 11:00-dan etibarən elektron sistem vasitəsilə seçimə çıxarılır.

Satmaq öhdəliyi ilə kirayə mexanizminin şərtləri və müraciət qaydaları barədə əlavə məlumatı İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən, YouTube kanalından, eləcə də 1549 Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.