Mətbuat Şurası peşə etikası prinsiplərindən kənara çıxmamağa çağırıb

Mətbuat Şurası peşə etikası prinsiplərindən

Azərbaycan Mətbuat Şurası bəzi media subyektlərinin və jurnalistlərin ictimai əhəmiyyətli hadisələri işıqlandırarkən peşə etikası prinsiplərini pozması ilə bağlı bəyanat yayıb.

Şura bildirib ki, son günlər dəqiqləşdirilməmiş məlumatların rəsmi mənbələrə istinad edilmədən yayılması, hadisələrin tələsik və səthi təqdim olunması narahatlıq doğurur. Qeyd edilib ki, bu cür hallar cəmiyyətin mediaya etimadını zəiflədir, jurnalistikanın nüfuzuna zərər vurur.

Bəyanatda vurğulanıb ki, operativ informasiya yaymaq zərurəti faktların yoxlanılması, dəqiqlik və obyektivlik prinsiplərini arxa plana keçirməməlidir.

Mətbuat Şurası, həmçinin şəxsi həyatın toxunulmazlığı məsələsinə xüsusi diqqət çəkib. İctimai əhəmiyyət daşımayan şəxslərin həyatına dair məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılmasının etik standartlara uyğun olmadığı bildirilib.

Şuranın mövqeyinə görə, informasiya təqdim edilərkən insan ləyaqətinə hörmət, fərdi məlumatların qorunması və şəxsi həyatın toxunulmazlığı əsas prinsiplər kimi gözlənilməlidir.

Bəyanatda media subyektləri və jurnalistlər ictimai məsuliyyət, peşəkarlıq və etimad meyarlarını əsas götürməyə çağırılıb. Qeyd olunub ki, jurnalistika ictimai əhəmiyyətli məlumatları cəmiyyətə çatdırmaq missiyasını sensasiya, reytinq və diqqət qazanmaq naminə qurban verməməlidir.

Mətbuat Şurası media nümayəndələrini, jurnalistləri və müstəqil jurnalist fəaliyyəti ilə məşğul olan şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırıb. Şura hesab edir ki, hadisələrə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikaya ictimai etimadın qorunmasının əsas şərtidir.