Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Onların arasında Abşeron dəniz blokunun işlənməsi ilə bağlı sazişin təsdiqi və maraqlar toqquşmasına dair qanun layihəsi də var.
Monetar.az xəbər verir ki, plenar iclasda müzakirəyə çıxarılacaq məsələlərdən biri SOCAR, "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC International ProjectCo 1 RSC Limited" arasında Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş sazişin qəbul və təsdiq edilməsidir.
Gündəliyə, həmçinin Azərbaycanın "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulması barədə qanun layihəsi daxil edilib.
Deputatlar "Telekommunikasiya haqqında" qanuna dəyişiklikləri üçüncü oxunuşda, Miqrasiya Məcəlləsinə, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə dəyişiklikləri isə ikinci oxunuşda müzakirə edəcəklər.
Bundan başqa, Mülki Məcəlləyə və torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliyə, eləcə də qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər ikinci oxunuşa çıxarılacaq.
İclasda "Maraqlar toqquşması haqqında" qanun layihəsi də ilk oxunuşda müzakirə ediləcək. Bununla yanaşı, məhkəmə ekspertizası fəaliyyəti və gömrük orqanlarında xidmətlə bağlı qanunvericiliyə dəyişikliklər də deputatların müzakirəsinə təqdim olunacaq.