COP29-dan qalan avtomobil hərraca çıxarılır

COP29-dan qalan avtomobil

Dövlət qurumlarının balansında olan 22 nəqliyyat vasitəsi bu gün hərraca çıxarılacaq. Avtomobillərin start qiymətləri 2 000 manatdan 13 000 manatadək dəyişir. Siyahıda 2024-cü il istehsalı NIO ET5, Toyota Camry, Hyundai Elantra, Chevrolet Niva və digər avtomobillər var.

Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da keçiriləcək. Satışa çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının, eləcə də "Aqrarkredit" QSC-nin balansındadır.

Ən aşağı start qiyməti 2 000 manatdır. Bu qiymətə 1981-ci il istehsalı UAZ-469, 1988-ci il istehsalı UAZ-469B, UAZ-31514 və VAZ-2121 avtomobilləri təklif olunur.

Ən yüksək start qiyməti isə 13 000 manatdır. Bu məbləğə "Aqrarkredit" QSC-nin balansında olan 2013-cü il istehsalı Toyota Camry hərraca çıxarılacaq.

Siyahıda həmçinin 2012-ci il istehsalı Chevrolet Malibu 10 000 manata, 2009-cu il istehsalı Hyundai Elantra modelləri 7 500 və 8 000 manata, 2010-cu il istehsalı Hyundai ix35 isə 6 000 manata təklif edilir.

Diqqətçəkən avtomobillərdən biri də COP29 Azərbaycan Əməliyyat Şirkətinin balansında olan 2024-cü il istehsalı NIO ET5-dir. Elektrikli avtomobilin ilkin satış qiyməti 5 000 manat müəyyən edilib.