Avtomobillərin uzunömürlülüyünə dair araşdırmada Toyota Sequoia 400 min kilometr məsafəni qət etmək ehtimalı ən yüksək model seçilib. Avtomobilin bu göstəriciyə çatma ehtimalı 42,3 faiz qiymətləndirilib. İkinci yerdə 38,8 faizlə Lexus LS, üçüncü yerdə isə 33,1 faizlə Toyota 4Runner qərarlaşıb.
Monetar.az xəbər verir ki, iSeeCars şirkətinin 2026-cı ilin sentyabrında açıqladığı araşdırma 395 milyondan çox avtomobilə dair məlumatların təhlilinə əsaslanır.
Araşdırmaya görə, avtomobillərin cəmi 5,4 faizinin 400 min kilometr məsafəni qət etmək ehtimalı var. Toyota Sequoia-da isə bu göstərici ümumi orta səviyyədən təxminən 7,8 dəfə yüksəkdir.
400 min kilometr məsafəni qət etmək ehtimalına görə ilk 10 avtomobil modeli belə sıralanıb:
- Toyota Sequoia - 42,3 faiz
- Lexus LS - 38,8 faiz
- Toyota 4Runner - 33,1 faiz
- Lexus RX Hybrid - 28,9 faiz
- Toyota Tundra - 28,2 faiz
- Toyota Tacoma - 25 faiz
- Lexus GX - 23,3 faiz
- Toyota Avalon - 23,2 faiz
- Toyota Highlander Hybrid - 20,7 faiz
- Honda Accord Hybrid - 18,5 faiz
Reytinqin diqqətçəkən tərəfi Yaponiya istehsalçılarının üstünlüyüdür. İlk 27 avtomobil modelindən 25-i Toyota, Lexus, Honda və Acura markalarına məxsusdur.
Elektrik avtomobilləri üzrə isə nəticələr fərqlidir. Tesla Model X-in 400 min kilometr məsafəni qət etmək ehtimalı 3,6 faiz, Model S-in 3,1 faiz, Nissan LEAF modelinin isə 0 faiz qiymətləndirilib.