Dünyada ən çox qəhvə istehlak edən ölkələr

Dünyada ən çox qəhvə

2025/2026-cı illərdə dünyada ən çox qəhvə istehlak edən ölkə ABŞ olub. ABŞ-ın dünya üzrə ümumi istehlakda payı 14,7 faiz təşkil edib. Braziliya 12,8 faizlə ikinci, Almaniya isə 6,4 faizlə üçüncü yerdə qərarlaşıb. İlk iki ölkə birlikdə qlobal qəhvə istehlakının 27,5 faizini təmin edib.

Monetar.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Xarici Kənd Təsərrüfatı Xidməti və Avropa Qəhvə Federasiyasının məlumatları əsasında hazırlanan araşdırmada bildirilir.

Araşdırmada 96 ölkə və bazar üzrə qəhvə istehlakı müqayisə edilib. Hesablamalar 60 kiloqramlıq kisələr üzrə aparılıb və qəhvə dənələrinin yaşıl vəziyyətdəki ekvivalent həcmini əks etdirir.

Dünyada ən çox qəhvə istehlak edən ilk 10 ölkə aşağıdakılardır:

ABŞ - 14,7 faiz (25,55 milyon kisə)

Braziliya - 12,8 faiz (22,28 milyon kisə)

Almaniya - 6,4 faiz (11,079 milyon kisə)

Yaponiya - 3,8 faiz (6,653 milyon kisə)

Filippin - 3,8 faiz (6,525 milyon kisə)

Çin - 3,7 faiz (6,420 milyon kisə)

Kanada - 2,9 faiz (5,05 milyon kisə)

Fransa - 2,9 faiz (5,033 milyon kisə)

Vyetnam - 2,8 faiz (4,9 milyon kisə)

İndoneziya - 2,8 faiz (4,81 milyon kisə)

Ümumilikdə, 2025/2026-cı marketinq ilində dünyada qəhvə istehlakının 173,46 milyon kisəyə çatacağı gözlənilir. Regional bölgüdə Avropa 31,6 faizlə ilk sırada qərarlaşıb. Asiya-Sakit okean regionunun payı isə 23,3 faiz olub.

Araşdırmada diqqətçəkən məqamlardan biri Filippində qəhvə istehlakının strukturudur. Ölkədə istehlak olunan qəhvənin 94 faizi həll olunan qəhvənin payına düşür. Bu göstərici Filippini həll olunan qəhvənin ən böyük idxalçılarından birinə çevirir.

Çində qəhvə istehlakı da sürətlə artır. Son 10 ildə ölkədə bu göstərici təxminən üç dəfə artıb və Çin ümumi istehlak həcminə görə Yaponiyaya yaxınlaşıb.