2026-cı ilin oktyabr ayında İsveçdə işsizlik səviyyəsi 7,7 faizə düşüb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 1,2 faiz bəndi azdır.
İsveç Statistika İdarəsinin açıqladığı məlumatlara görə, 15-74 yaş aralığında işsizlərin sayı bir il ərzində 69 min nəfər azalaraq 440 min nəfərə enib. Oktyabrda ölkədə məşğul əhalinin sayı isə 5 milyon 267 min nəfər təşkil edib.
İdarənin işçi qüvvəsi sorğuları şöbəsinin statistiki Simen Annerud bildirib ki, oktyabr ayında əmək bazarında bir sıra müsbət dəyişikliklər qeydə alınıb. Onun sözlərinə görə, işsizlik azalmaqla yanaşı, müvəqqəti məşğulluğun həcmi də artıb. Mövsümi düzəlişlər nəzərə alınmaqla məşğulluğun yüksəlməsi davam edib.
Hesabat ayında məşğulluq səviyyəsi 68,8 faiz olub. Qadınlar arasında bu göstərici 67 faiz, kişilər arasında isə 70,6 faiz təşkil edib. İşçi qüvvəsində iştirak səviyyəsi 74,6 faizə yüksəlib, iqtisadi fəal əhalinin ümumi sayı 5 milyon 707 min nəfərə çatıb.
Muzdlu işçilərin sayı 4 milyon 749 min nəfər olub. Onlardan 4 milyon 76 mini daimi, 673 mini isə müvəqqəti əsaslarla çalışıb. Müvəqqəti işçilərin sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 77 min nəfər artıb.
Uzunmüddətli işsizlikdə də azalma qeydə alınıb. Ən azı 27 həftə işsiz qalan şəxslərin sayı illik müqayisədə 37 min nəfər azalaraq 138 min nəfərə düşüb.
Bununla belə, gənclər arasında işsizlik səviyyəsi yüksək olaraq qalır. 15-24 yaş qrupunda bu göstərici 21,4 faiz təşkil edib, işsiz gənclərin sayı isə 138 min nəfər olub. Onlardan 98 min nəfəri əyani təhsil alan tələbələrdir.
Mövsümi amillər nəzərə alınmaqla aparılan hesablamalara əsasən, oktyabrda işsizlik səviyyəsi 8,6 faiz, işsizlərin sayı 500 min nəfər olub. Bu metodologiya üzrə məşğul əhalinin sayı 5 milyon 318 min nəfərə, məşğulluq səviyyəsi isə 69,5 faizə bərabər olub.
Oktyabr ayında ölkə üzrə həftəlik işlənmiş saatların ümumi həcmi mövsümi düzəliş edilməmiş məlumatlara əsasən orta hesabla 174 milyon saat təşkil edib.
MONETAR.AZ