Avropa İttifaqı və İndoneziya ticarət sazişi imzalayıb

Avropa İttifaqı və İndoneziya ticarət sazişi

Avropa İttifaqı (Aİ) və İndoneziya 10 ildən artıq davam edən danışıqlardan sonra genişmiqyaslı ticarət sazişi imzalayıb. Şənbə günü imzalanan sənəd tərəflər arasında mallara tətbiq olunan tariflərin böyük hissəsinin aradan qaldırılmasını, eləcə də investisiya əlaqələrinin genişləndirilməsini nəzərdə tutur.

İqtisadi Tərəfdaşlıq üzrə Hərtərəfli Sazişə əsasən, ət və süd məhsulları da daxil olmaqla, Aİ-nin əsas ixrac mallarına tətbiq olunan rüsumlar ləğv ediləcək. Avtomobil, maşınqayırma, kimya və əczaçılıq məhsulları üzrə mövcud tariflər isə azaldılacaq.

İndoneziyanın İqtisadiyyat üzrə Koordinasiya Nazirliyinin məlumatına görə, ölkədən Aİ-yə ixrac edilən məhsullara tətbiq olunan tariflərin təxminən 90%-i aradan qaldırılacaq. Qalan rüsumlar 3-15 il ərzində mərhələli şəkildə azaldılacaq və ya tarif kvotaları çərçivəsində tətbiq olunacaq.

Güzəştli ticarət rejiminin ilk növbədə ayaqqabı, tekstil və emal olunmuş xammal ixrac edən İndoneziya şirkətlərinin Avropa bazarında rəqabət imkanlarını artıracağı gözlənilir.

Proqnozlara əsasən, sazişin qüvvəyə minməsindən sonrakı 15 il ərzində Aİ-dən İndoneziyaya tədarüklər təxminən 40%, İndoneziyanın Aİ-yə mal və xidmət ixracı isə 14%-dən çox artacaq.

Avropa Komissiyasının hesablamalarına görə, saziş nəticəsində Aİ-nin ümumi daxili məhsulu 16 milyard avro, İndoneziyanın ÜDM-i isə 27 milyard avro artacaq. Bu məbləğlər müvafiq olaraq 17,55 milyard və 29,62 milyard dollara bərabərdir. Eyni zamanda, Avropa ixracatçılarının rüsumlar üzrə illik qənaətinin 650 milyon dolları ötəcəyi bildirilir.

Saziş Avropa istehsalçılarının elektromobillərdə və reaktiv mühərriklərdə istifadə olunan nikel və kobalt kimi strateji xammal ehtiyatlarına çıxışını da asanlaşdıracaq. Bundan əlavə, Aİ sənayesinin xammal ehtiyaclarını qarşılamaq məqsədilə xam palma yağı və palma ləpəsi yağının rüsumsuz ixracı üçün kvota nəzərdə tutulub.

Ticarət sazişi ilə yanaşı, tərəflər ikitərəfli investisiya axınlarını təşviq etmək və qorumaq məqsədilə İnvestisiyaların Müdafiəsi üzrə Saziş də imzalayıblar.

Sənədlərin qüvvəyə minməsi üçün Avropa Parlamentinin razılığı və İndoneziyada daxili ratifikasiya prosedurlarının tamamlanması tələb olunur. Sazişlərin 2027-ci ilin əvvəlindən müvəqqəti tətbiqinə başlanılması gözlənilir.

MONETAR.AZ