Bu ilin 10 ayında bank sektorunun aktivləri 14 faizdən çox artıb

Bu ilin 10 ayında bank sektorunun aktivləri

“Beynəlxalq Bankçılıq Forumu artıq yaxşı bir ənənəyə çevrilib. Bu platforma hər il bank sektorunun ən aktual məsələlərini müzakirə etmək, tənzimləyici qurumlar, banklar və fintex nümayəndələri arasında açıq dialoq qurmaq, fikir və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaradır”.

Bunu Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov “X Beynəlxalq Bankçılıq Forumu 2026”da çıxışı zamanı deyib.

O bildirib ki, builki forumun mövzusu Mərkəzi Bankın strateji gündəliyində yer alan əsas vəzifələri dəqiq əks etdirir:

“Bu gün Azərbaycan bank sektoru inkişafının yeni mərhələsinə sağlam və dayanıqlı göstəricilərlə daxil olub. Üçillik strategiyamızı da güclü nəticələrlə başa çatdırırıq”.

Mərkəzi Bank sədrinin birinci müavini bank sektorunun əsas göstəricilərindəki artımı da diqqətə çatdırıb. Onun sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında sektorun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb. Kredit portfeli 14% genişlənərək 34 milyard manatdan çox olub.

“İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşıb”, – deyə Əliyar Məmmədyarov vurğulayıb.