ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Maykl Barr maliyyə tənzimlənməsi sahəsində aparılan dəyişikliklərin bank sektoruna nəzarət imkanlarını zəiflədə biləcəyi barədə xəbərdarlıq edib.
Barr “FinRegLab 2026” simpoziumunda çıxışı zamanı bildirib ki, tənzimləmə mexanizmlərinin tədricən yumşaldılması bazardakı problemlərin vaxtında aşkarlanmasını və onlara reaksiya verilməsini çətinləşdirə bilər. Onun sözlərinə görə, bu proses uzunmüddətli perspektivdə bank sisteminin dayanıqlılığına mənfi təsir göstərə bilər. Barr narahatlığının ani risklərlə deyil, tənzimləmə siyasətinin gələcək nəticələri ilə bağlı olduğunu vurğulayıb.
Süni intellektin maliyyə sektorunda tətbiqinə də toxunan FED rəsmisi bu texnologiyanın maliyyə xidmətlərinə çıxışı genişləndirə biləcəyini, lakin tənzimləyici tələblərə uyğun istifadə edilməsinin vacibliyini bildirib. O, süni intellektin banklardan əmanətlərin sürətlə çıxarılması riskini artıra biləcəyini də qeyd edib.
Pul-kredit siyasəti ilə bağlı Barr maliyyə şərtlərinin hazırda iqtisadi artımı dəstəkləyəcək qədər yumşaq olduğunu, lakin inflyasiyanın hələ də yüksək səviyyədə qaldığını bildirib. Onun fikrincə, FED monetar siyasətdə əlavə düzəlişlər etməli olacaq.
Barr, həmçinin qeyd edib ki, mərkəzi bank iqtisadiyyatda konkret investisiya səviyyəsinə nail olmağı hədəfləmir.
MONETAR.AZ