Bank kartlarından 2 milyon manat oğurlanıb – Dələduzluq halları 49 faiz artıb

Bank kartlarından 2 milyon manat oğurlanıb –

Azərbaycanda bank kartları vasitəsilə həyata keçirilən dələduzluq əməliyyatlarının sayı və həcmi kəskin artıb. 2026-cı ilin iyul-sentyabr aylarında 13 mindən çox belə hal qeydə alınıb, ələ keçirilən vəsaitin ümumi məbləği isə 2 milyon manatı ötüb.

Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmsal fırıldaqçılıq statistikası məlumatlarında bildirilir.

Məlumata görə, 2026-cı ilin üçüncü rübündə bank kartları ilə bağlı dələduzluq əməliyyatlarının ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib.

Bunun 1 milyon 635 min 257 manatı ölkədaxili, 376 min 293 manatı isə ölkəxarici ödəniş şəbəkələri vasitəsilə həyata keçirilən əməliyyatların payına düşüb.

Hesabat dövründə ümumilikdə 13 min 319 fırıldaqçılıq faktı qeydə alınıb. Onlardan 7 min 222-si ölkədaxili, 6 min 97-si isə ölkəxarici ödəniş şəbəkələri üzrə baş verib.

2026-cı ilin ikinci rübündə 8 min 938 belə hal qeydə alınmışdı. Beləliklə, üçüncü rübdə dələduzluq hallarının sayı 4 min 381 fakt və ya təxminən 49% artıb.

Pul ifadəsində isə əvvəlki rüblə müqayisədə artım 647 min 601 manat və ya 47,49% olub.

Mərkəzi Bankın məlumatına əsasən, ölkədaxili fırıldaqçılıq hallarının 21,8%-i hesabın ələ keçirilməsi ilə bağlıdır. Ölkəxarici əməliyyatlarda isə kartın fiziki iştirakı olmadan həyata keçirilən dələduzluq hallarının payı 71,7% təşkil edib.

Fırıldaqçılıq əməliyyatlarının aparıldığı kanallar arasında elektron ticarət və mobil tətbiqlər üstünlük təşkil edib. Bu kanalların payı ölkədaxili əməliyyatlarda 97,7%, ölkəxarici əməliyyatlarda isə 97,9% olub.

Mərkəzi Bankın təhlillərinə görə, dələduzluq hallarının əksəriyyəti kart istifadəçilərinin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verir.