2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda iaşə dövriyyəsinin həcmi 2 milyard 309,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 8% çoxdur.
Monetar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, dövriyyənin əsas hissəsi paytaxtın payına düşüb. Bakı şəhərində ictimai iaşə dövriyyəsi 1 milyard 628,4 milyon manat olub. İllik müqayisədə 9,1% artım qeydə alınıb. Beləliklə, ölkə üzrə ümumi iaşə dövriyyəsinin təxminən 70,5%-i Bakıda formalaşıb.
İqtisadi rayonlar arasında ən yüksək dövriyyə Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu ərazidə göstərici 85,1 milyon manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1% artıb. Göstəricinin əsas hissəsi Sumqayıt şəhərinin payına düşüb – 61,4 milyon manat. Abşeron rayonunda dövriyyə 20,1 milyon, Xızı rayonunda isə 3,7 milyon manat olub.
Mərkəzi Aran iqtisadi rayonunda iaşə dövriyyəsi 80,6 milyon manata çatıb. Bu, illik müqayisədə 6,7% artım deməkdir. Gəncə-Daşkəsən iqtisadi rayonunda 75,5 milyon manatlıq dövriyyə qeydə alınıb və artım 7,3% olub. Lənkəran-Astara iqtisadi rayonunda göstərici 68,9 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonunda 67,7 milyon manat təşkil edib. Bu ərazilərdə müvafiq olaraq 4,3% və 6,3% artım müşahidə olunub.
Şəki-Zaqatala iqtisadi rayonunda iaşə dövriyyəsi 65,8 milyon manat olmaqla 5,3%, Qarabağ iqtisadi rayonunda 51 milyon manat olmaqla 1%, Şirvan-Salyan iqtisadi rayonunda isə 47,4 milyon manat olmaqla 5,1% artıb.
Qazax-Tovuz iqtisadi rayonunda dövriyyə 39,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çoxdur. Naxçıvan iqtisadi rayonunda 43,7 milyon manatlıq iaşə dövriyyəsi qeydə alınıb və artım 1,9% olub.
Dağlıq Şirvan iqtisadi rayonunda göstərici 31,6 milyon manat təşkil edərək 6,3% yüksəlib. Mil-Muğan iqtisadi rayonunda isə dövriyyə 23,5 milyon manata çatıb və illik artım 3,4% olub.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə iaşə dövriyyəsi cəmi 558,2 min manat təşkil edib. Bu, 2025-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 25,9% azdır. Xüsusilə Laçın rayonunda dövriyyə 701 min manatdan 275,5 min manata düşüb. Kəlbəcər rayonunda isə 282,7 min manatlıq dövriyyə qeydə alınıb.
Rayonlar üzrə göstəricilərə gəlincə, Qəbələdə iaşə dövriyyəsi 28,8 milyon, Lənkəranda 27,1 milyon, Xaçmazda 25,4 milyon, Göyçayda 21,3 milyon, Qubada isə 21,7 milyon manat olub. Şuşada dövriyyə 4,9 milyon manatdan 3,1 milyon manata enərək 41,3% azalıb. Şabran rayonunda da göstərici 4,9 milyon manatdan 4,6 milyon manata düşüb.
Ümumilikdə, hesabat dövründə iaşə dövriyyəsinin artımına baxmayaraq, fəaliyyətin coğrafi bölgüsü baxımından paytaxtın üstün mövqeyi qorunub. Bakı ölkə üzrə ümumi dövriyyənin təxminən onda yeddisini formalaşdırıb.
