ABŞ aviaşirkətlərini uçuş böhranı vurdu: mənfəət azalır

ABŞ aviaşirkətlərini uçuş böhranı vurdu:

ABŞ-da noyabrın 13-də baş verən ümummilli uçuş dayanması aviaşirkətlərin dördüncü rübdə maliyyə göstəricilərinə mənfi təsir göstərə bilər. UBS analitiklərinin qənaətinə görə, üç gün davam edən kütləvi uçuş pozuntuları daşıma gücünün azalmasına, əməliyyat xərclərinin yüksəlməsinə və mənfəətin zəifləməsinə səbəb olacaq.

Atul Maheşvari və Tomas Vadevitsin noyabrın 16-da dərc olunan hesabatında bildirilir ki, hadisə aviaşirkətlərin dördüncü rüb üzrə mövcud oturacaq milləri (ASM) göstəricisini 50–100 baza bəndi azalda bilər. Yanacaq xərcləri istisna olmaqla, bir mövcud oturacaq milinə düşən əməliyyat xərclərinin (CASM-ex) də təxminən eyni nisbətdə artacağı gözlənilir. Bu amillər şirkətlərin gəlirlərinə, pul axınına və rüblük mənfəətinə təzyiq göstərə bilər.

Noyabrın 13-dəki uçuş dayanması dörd saatdan çox davam edib. Bu, 2023-cü ildə baş vermiş oxşar nasazlığın müddətindən iki dəfədən artıqdır və 11 sentyabr 2001-ci ildən bəri ABŞ-da bu qəbildən olan ən uzunmüddətli hadisə hesab olunur. Reyslərin ləğvi həftəsonu boyunca davam edərək ölkənin aparıcı aviaşirkətlərinin fəaliyyətini pozub.

FlightAware məlumatlarına əsasən, altı ən böyük ABŞ aviaşirkəti üzrə ləğv edilən reyslərin orta payı noyabrın 13-də 32%, ertəsi gün isə 30% təşkil edib. Bazar günü axşam saatlarına doğru bu göstərici təxminən 10%-ə enib.

Ən ciddi problemlərlə JetBlue Airways üzləşib. Şirkətdə üç gün ərzində ləğv edilən reyslərin payı müvafiq olaraq 43%, 49% və 28% olub. American Airlines üzrə isə noyabrın 14-də ləğvetmə səviyyəsi 42%-ə, növbəti gün 19%-ə çatıb. Southwest Airlines və Alaska Air Group nisbətən az sayda reys ləğv etməli olublar.

Gecikmələrin miqyası da yüksək olaraq qalıb. Üç gün ərzində altı aparıcı daşıyıcı üzrə gecikən reyslərin orta payı müvafiq olaraq 26%, 36% və 33% təşkil edib.

Pozuntular aviaşirkətlərin dördüncü rüb üçün planlaşdırdığı daşıma gücünün təxminən 3%-ni əhatə edib. UBS analitikləri hesab edirlər ki, həmin həcmin təqribən dörddə biri tamamilə itirilib. Ləğv edilməyən reyslərdə sərnişin tələbatının artması bir mövcud oturacaq milinə düşən gəliri yüksəldə bilər. Bununla belə, analitiklərin fikrincə, bu artım itirilmiş uçuşlardan yaranan zərəri tam kompensasiya etməyəcək.

Hesabatda aviaşirkətlərin fəaliyyətinin noyabrın 16-dan etibarən əhəmiyyətli dərəcədə normallaşacağı, reyslərin ləğvi səviyyəsinin aşağı birrəqəmli göstəricilərə enəcəyi və ya sıfıra yaxınlaşacağı proqnozlaşdırılır.

Uçuş böhranı onsuz da yanacaq qiymətlərindəki dəyişkənlik, heyət xərclərinin artması və yüksək kapital qoyuluşları ilə üzləşən aviasiya sektorunun maliyyə yükünü daha da ağırlaşdırır.

MONETAR.AZ