2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində 57 milyard 523,4 milyon manatlıq məhsul satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8% çoxdur.
Monetar.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, satışların 31 milyard 58,6 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.
Ərzaq məhsulları üzrə satışlar illik müqayisədə 1,5%, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə isə 6,6% artıb. Beləliklə, ən yüksək artım qeyri-ərzaq məhsullarının satışında qeydə alınıb.
Qeyri-dövlət sektorunda pərakəndə ticarət dövriyyəsi 3,7% artaraq 57,4 milyard manata çatıb. Bu məbləğin 45,4%-i fərdi sahibkarların fəaliyyəti hesabına formalaşıb.
Elektron pərakəndə ticarət dövriyyəsi isə 0,9% artaraq 205,6 milyon manat təşkil edib. Onlayn satışların ümumi pərakəndə ticarət dövriyyəsində payı 0,36% olub.
Hesabat dövründə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 559,9 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 46,1 manat çoxdur. Əhalinin hər nəfəri ayda orta hesabla 302,3 manatlıq ərzaq, içki və tütün məmulatları, 257,6 manatlıq qeyri-ərzaq malları alıb.
