Azərbaycanda bank sektorunun aktivləri 65 milyard manatı ötüb

Azərbaycanda bank sektorunun aktivləri

Bu ilin ilk 10 ayında Azərbaycanın bank sektorunun aktivləri 14 %-dən çox artaraq 65 milyard manatı ötüb.

Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bank Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hesabat dövründə bank sektorunun kredit portfeli də 14 % artaraq 34 milyard manatdan çox olub. Biznes kreditlərinin həcmi ilin əvvəlindən 17 % artaraq 19 milyard manata yaxınlaşıb. Əhalinin banklardakı əmanətləri isə təxminən 15 % artımla 18,7 milyard manata çataraq tarixi maksimuma yüksəlib.

AMB rəsmisi qeyd edib ki, bank sektorunda əmanətçilərin sayında da müsbət dinamika müşahidə olunur. Belə ki, 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçilərin sayı 2,2 dəfə artaraq 335 mini ötüb. Eyni zamanda, əhalinin əmanətlərində dedollarlaşma prosesi davam edir.

Ə.Məmmədyarov bank sisteminin maliyyə dayanıqlığının yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, sektorun məcmu kapitalı 7 milyard manat, kapital adekvatlığı əmsalı isə 17 %-dən çoxdur. Bu göstərici tənzimləyici tələbləri əhəmiyyətli dərəcədə üstələyir və bank sektorunun gələcək texnoloji transformasiyası üçün əlverişli zəmin yaradır.

Bununla belə, o bildirib ki, qlobal maliyyə böhranlarının təcrübəsi bank sektorunda sabitliyin qorunması üçün yeni risklərin vaxtında qiymətləndirilməsini zəruri edir. Xüsusilə sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellekt texnologiyalarının geniş tətbiqi maliyyə bazarlarında yeni reallıqlar formalaşdırır.

AMB rəsmisi əlavə edib ki, bu proseslər ənənəvi kapital tələbləri ilə yanaşı, texnoloji və kibertəhlükəsizlik risklərinə qarşı nəzarət mexanizmlərinin də gücləndirilməsini tələb edir.

Onun fikrincə, hazırda tənzimləyici qurumların qarşısında iki əsas çağırış dayanır. Bunlardan birincisi ənənəvi maliyyə riskləri ilə yanaşı, əməliyyat, texnoloji və iqlim risklərinin də artması, ikincisi isə sosial mühitdə məlumatların sızması ilə bağlı təhlükələrin genişlənməsidir.