2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 487,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,8% artım deməkdir.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə xidmətlərin 10 milyard 202,8 milyon manatlıq hissəsi hüquqi şəxslərin payına düşüb. Bu məbləğ ümumi xidmət dövriyyəsinin 75,6%-ni təşkil edib.
Mülkiyyət növləri üzrə bölgüyə əsasən, dövlət sektorunda göstərilən ödənişli xidmətlərin dəyəri illik müqayisədə 14,6% artaraq 3 milyard 133,7 milyon manata yüksəlib. Qeyri-dövlət sektorunda isə 10 milyard 353,5 milyon manatlıq xidmət göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövründən 5,9% çoxdur.
Qeyri-dövlət sektorunda fiziki şəxslər tərəfindən göstərilən xidmətlərin dəyəri 3 milyard 284,4 milyon manat olub. Bu göstərici illik müqayisədə 6,4% artıb.
Statistikaya görə, 2026-cı ilin ilk 10 ayında ölkə sakinlərinin hər biri orta hesabla 1 312,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 154 manat çoxdur.
