Azərbaycan İtaliya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır

Azərbaycan İtaliya ilə əməkdaşlığı genişləndirməyi

Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin inkişafında institusional əməkdaşlıq mexanizmlərinin rolu mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan–İtaliya biznes-forumu çərçivəsində keçirilən “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yanvarın 13-də Bakıda keçirilən Azərbaycan–İtaliya Hökumətlərarası Komissiyasının 6-cı iclası və 70-dən çox təşəbbüsü əhatə edən 2026–2027-ci illər üzrə Fəaliyyət Planı iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Nazir müavini enerji sahəsinin iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qaldığını vurğulayıb. O qeyd edib ki, Xəzərdən İtaliyaya uzanan Cənub Qaz Dəhlizi uzunmüddətli tərəfdaşlığın mühüm göstəricisidir və Azərbaycan qazı İtaliyada sənaye müəssisələrinin enerji təminatında istifadə olunur.

Anar Axundov Azərbaycanın etibarlı təchizatçı kimi İtaliyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.

O əlavə edib ki, Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi vasitəsilə Avropaya çatdırılması istiqamətində region ölkələri ilə əməkdaşlıq edir. Bu təşəbbüs həm neft və təbii qazı, həm də elektrik enerjisini əhatə edir.