“Regional Su Meliorasiya Xidməti” Səfikürd nasos stansiyasının təzyiqli boru xəttinin əsaslı təmiri üçün 949,7 min manat xərcləyəcək.
Monetar.az xəbər verir ki, satınalmanın qalibi “LUXURY BUİLDİNG” MMC seçilib. Şirkətlə 949 746,36 manat dəyərində müqavilə bağlanıb.
Layihə çərçivəsində nasos stansiyasının I pilləsində yerləşən, diametri 1020 mm, divar qalınlığı 10 mm və uzunluğu 1,4 kilometr olan təzyiqli boru xəttinin əsaslı təmiri nəzərdə tutulur.
İşlər zamanı yararsız vəziyyətdə olan mövcud metal borular sökülərək ərazidən çıxarılacaq, onların yerinə yeni polad borular quraşdırılacaq. Həmçinin qaynaq, hidravlik sınaq və korroziyaya qarşı izolyasiya işləri aparılacaq.
Təmir layihəsinə xəndəklərin qazılması və doldurulması, qum əsasının hazırlanması, torpaq işləri və boru xəttinin istismar yolunun çınqılla bərpası da daxildir.