Vergi sistemi rəqabətqabiliyyətli olan ölkələr

Vergi sistemi rəqabətqabiliyyətli olan

2026-cı ildə vergi sisteminin rəqabətqabiliyyətliliyinə görə Estoniya dünyanın 38 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkəsi arasında ilk sırada qərarlaşıb. Latviya ikinci, Yeni Zelandiya isə üçüncü yeri tutub. Türkiyə 9-cu, ABŞ 17-ci, Fransa isə sonuncu - 38-ci olub.

Monetar.az xəbər verir ki, bu nəticələr Tax Foundation təşkilatının 2026-cı il üzrə Beynəlxalq Vergi Rəqabətliliyi İndeksində əks olunub. Araşdırmada OECD-yə üzv 38 ölkənin vergi sistemləri 40-dan çox göstərici əsasında qiymətləndirilib.

İndeksdə ölkələrin vergi siyasəti beş əsas istiqamət üzrə müqayisə edilib: korporativ vergilər, fiziki şəxslərin gəlir vergiləri, istehlak vergiləri, əmlak vergiləri və beynəlxalq vergi qaydaları. Qiymətləndirmə zamanı yalnız vergi dərəcələri deyil, sistemin sadəliyi, investisiyalara təsiri və vergi qaydalarının rəqabətqabiliyyətliliyi də nəzərə alınıb.

2026-cı ildə vergi sisteminin rəqabətqabiliyyətliliyinə görə ilk 10 ölkə aşağıdakılardır:

Estoniya - 100 bal

Latviya - 92,5 bal

Yeni Zelandiya - 88,2 bal

İsveçrə - 86,8 bal

Litva - 82,6 bal

Lüksemburq - 81,9 bal

Çexiya - 79,4 bal

Avstraliya - 78,9 bal

Türkiyə - 76 bal

Macarıstan - 75,6 bal

Siyahının ilk beşliyində üç Baltikyanı ölkənin - Estoniya, Latviya və Litvanın yer alması diqqət çəkir. Estoniya həm fiziki şəxslərin vergitutulması, həm də əmlak vergiləri üzrə birinci olub. Ölkənin vergi sistemində şirkətlərin əldə etdiyi mənfəət əsasən bölüşdürüldükdə vergiyə cəlb olunur. Bu yanaşma müəssisələrin qazancını yenidən investisiya etməsini təşviq edir.

Türkiyə 76 balla 9-cu yerdə qərarlaşıb. Ölkə fiziki şəxslərin vergitutulması üzrə 6-cı, beynəlxalq vergi qaydaları üzrə isə 8-ci olub. Korporativ vergilər üzrə 21-ci, istehlak vergiləri üzrə 15-ci, əmlak vergiləri üzrə isə 22-ci yeri tutub.

ABŞ 71,2 balla 17-ci sırada qərarlaşıb. Ölkə korporativ vergilər üzrə 8-ci, istehlak vergiləri üzrə 3-cü olsa da, beynəlxalq vergi qaydaları üzrə 37-ci yerdədir. Bu fərq ABŞ-ın ayrı-ayrı vergi istiqamətlərində fərqli nəticələr göstərdiyini ortaya qoyur.

Reytinqin son üç pilləsində İtaliya, Kolumbiya və Fransa yer alıb. İtaliya 50,8 balla 36-cı, Kolumbiya 47,3 balla 37-ci, Fransa isə 45,7 balla 38-ci olub.