Azərbaycanda muzdlu işçilərin ümumi sayı son bir ildə 9 min 456 nəfər artıb. Lakin ölkə üzrə müsbət nəticə əsasən Bakı və Abşeron-Xızı iqtisadi rayonunun hesabına formalaşıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı il oktyabrın 1-nə olan məlumatına görə, ölkədə muzdlu işçilərin sayı 1 milyon 790 min 847 nəfərə çatıb. İllik artım 0,5% təşkil edib.
Statistik məlumatların təhlili göstərir ki, Bakı şəhərində muzdlu işçilərin sayı bir il ərzində 18 min 236 nəfər artıb. Abşeron-Xızı iqtisadi rayonunda artım 5 min 37 nəfər, Naxçıvan iqtisadi rayonunda isə 138 nəfər olub.
Bu üç ərazi üzrə ümumi artım 23 min 411 nəfər təşkil edib.
Digər 11 iqtisadi rayonda isə muzdlu işçilərin sayı ümumilikdə 13 min 955 nəfər azalıb.