Bakıda 10-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bakıda 10-cu Beynəlxalq Bankçılıq Forumu

Bu gün Bakıda “Mastercard” ilə strateji tərəfdaşlıq çərçivəsində “X Beynəlxalq Bankçılıq Forumu 2026” (IBF 2026) keçirilir.

“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr olunan tədbir Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türk Dövlətləri Bank Assosiasiyaları Şurası və digər yerli və beynəlxalq tərəfdaşların dəstəyi ilə təşkil edilib.

Forumda bank sektorunun rəqəmsal transformasiyası, süni intellektin maliyyə xidmətlərində tətbiqi, ödəniş sistemləri, kibertəhlükəsizlik, açıq bankçılıq və dayanıqlı maliyyə kimi aktual məsələlər müzakirə olunur.

Proqramın əsas istiqamətləri arasında bank əməliyyatlarında süni intellektdən istifadə, rəqəmsal identifikasiya, ani və transsərhəd ödənişlər, tokenləşdirilmiş pul və hesablaşma sistemləri, maliyyə dələduzluğu risklərinin idarə edilməsi, eləcə də kiçik və orta biznes üçün maliyyə imkanlarının genişləndirilməsi yer alır.

Tədbir çərçivəsində əsas müzakirələrlə yanaşı, seminarlar, vebinarlar, görüşlər və müxtəlif müsabiqələr də təşkil olunur.

Qeyd edək ki, IBF regionun maliyyə və bankçılıq sektorunun aparıcı platformalarından biri hesab olunur. Forum hər il Azərbaycanın və digər ölkələrin bank rəhbərlərini, tənzimləyici qurumların, fintech şirkətlərinin, beynəlxalq maliyyə institutlarının və akademik dairələrin nümayəndələrini bir araya gətirir.