Noyabrda Yaponiyanın istehsal sektorunda işgüzar fəallıq sürətlənib, xidmət sektorunda isə artım tempi kəskin zəifləyib. Bu, ölkə iqtisadiyyatının bərpasının qeyri-bərabər xarakter daşıdığını göstərir.
Jibun Bank məlumatına görə, istehsal PMI indeksi oktyabrda 53,3 bənd olduğu halda noyabrda 53,7 bəndə yüksəlib. Göstərici 53,5 bəndlik bazar proqnozunu da üstələyib.
Xidmət sektorunun PMI indeksi isə 51,7 bənddən 50,5 bəndə enib. İstehsal və xidmət sahələrini əhatə edən kompozit PMI də 52,1 bənddən 51,5 bəndə düşüb.
PMI göstəricisinin 50 bənddən yuxarı olması sektorda genişlənməyə, aşağı olması isə daralmaya işarə edir.
Məlumatlar Yaponiyada iqtisadi fəallığın artdığını göstərsə də, xidmət sektorundakı zəifləmə bərpanın davamlılığı ilə bağlı suallar yaradır. Yaponiya Bankı faiz siyasəti ilə bağlı qərarlarında əməkhaqqı artımını və baza inflyasiyanı diqqətdə saxlayır.
MONETAR.AZ