Cənubi Koreyanın ixracı noyabrın ilk 20 günündə ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 faiz artaraq 77,4 milyard dollara çatıb. Bu, müşahidələr tarixində noyabr ayının ilk 20 günü üçün qeydə alınan ən yüksək göstəricidir.
Koreya Gömrük Xidmətinin bazar ertəsi açıqladığı ilkin məlumatlara görə, ixracdakı kəskin artım əsasən yarımkeçirici tədarüklərinin sürətlə genişlənməsi hesabına baş verib.
Belə ki, yarımkeçiricilərin ixracı illik müqayisədə 294,4 faiz artaraq rekord həddə — 38,5 milyard dollara yüksəlib. Bu məhsulların ümumi ixracda payı 49,7 faizə çatıb. Göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 faiz bəndi artıb.
Digər məhsul qruplarında da yüksək dinamika müşahidə olunub. Kompüter periferiyası avadanlıqlarının ixracı 330,5 faiz, neft məhsullarının tədarükü isə 91,9 faiz artıb. Avtomobil ixracında isə 5,6 faizlik azalma qeydə alınıb.
Hesabat dövründə ölkənin idxalı da 39,4 faiz artaraq 50,3 milyard dollar təşkil edib. Buna baxmayaraq, Cənubi Koreyanın xarici ticarət balansı 27,1 milyard dollar profisitlə tamamlanıb.
İxracdakı yüksəliş ilin ümumi göstəricilərinə də təsir edib. Yanvarın 1-dən noyabrın 20-dək Cənubi Koreyanın ümumi ixracı ilk dəfə 1 trilyon dollar həddini keçərək 1,0076 trilyon dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,2 faiz çoxdur.
MONETAR.AZ