Cari ilin 10 ayında mədənçıxarma sənayesində artım qeydə alınıb

Cari ilin 10 ayında mədənçıxarma sənayesində

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22,2 milyon ton xam neft və qaz kondensatı hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

Monetar.az  Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə təbii qaz hasilatı 41,9 milyard kubmetr təşkil edib. İllik müqayisədə 0,4% azalma qeydə alınıb. Əmtəəlik qaz istehsalı isə 31,8 milyard kubmetr olmaqla 1,5% geriləyib.

Metal filizlərinin hasilatında fərqli dinamika müşahidə olunub. On ay ərzində 2 763,6 kiloqram qızıl istehsal edilib ki, bu da illik müqayisədə 6,6% artım deməkdir. Gümüş istehsalı 3 221,3 kiloqram olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə demək olar ki, eyni səviyyədə qalıb. Mis konsentratı istehsalı isə 15 998,7 ton təşkil edib.

Mədənçıxarma sənayesinin digər sahələrində də artım qeydə alınıb. İnşaat üçün əhəng daşı istehsalı 35%, tikinti qumu 25,3%, çınqıl və qırmadaş istehsalı 20,2%, duz istehsalı isə 14,2% artıb. Gips və anhidrit istehsalında artım 1,2% olub.

Bununla yanaşı, bentonit istehsalı 14,3% azalaraq 226,4 min ton təşkil edib.

Noyabrın 1-nə olan məlumata görə, sənaye müəssisələrinin anbarlarında 307,9 min ton xam neft, 786 kiloqram gümüş və 419,2 kiloqram qızıl ehtiyatı olub. Həmçinin anbarlarda 930,6 ton mis konsentratı, 315,7 min ton bentonit, 144 min ton çınqıl və qırmadaş mövcud olub.