Azərbaycanda kimya sənayesində geriləmə davam edir

Azərbaycanda kimya sənayesində geriləmə

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində ümumilikdə 1 milyard 933,1 milyon manatlıq məhsul istehsal edilib.

Monetar.az  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə əczaçılıq məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 6,6 faiz artıb. Kimya sənayesində isə əksinə, 10 faiz azalma qeydə alınıb.

Kimya sənayesindəki geriləmə əsas məhsulların istehsal göstəricilərində də özünü göstərib. Belə ki, yanvar-oktyabr aylarında etilen istehsalı 23,9 faiz azalaraq 99 min tona, polietilen istehsalı isə 22,9 faiz geriləyərək 96,6 min tona düşüb. Ümumilikdə üzvi kimyəvi maddələrin istehsalı 21,6 faiz azalıb.

Bununla yanaşı, bəzi kimya məhsullarının istehsalında artım müşahidə olunub. Lak-boya məmulatlarının istehsalı 30,4 faiz artaraq 45,2 min tona, qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 56,6 faiz yüksələrək 29,2 min tona çatıb. Yapışqan və yapışdırıcı maddələrin istehsalında da 17,3 faizlik artım qeydə alınıb.

Əczaçılıq sektorunda artım əsasən dərman və tibbi maska istehsalında müşahidə edilib. On ay ərzində 22,8 milyon manatlıq dərman istehsal olunub ki, bu da illik müqayisədə 73,7 faiz çoxdur. Tibbi maska istehsalı isə 76 faiz artaraq 4,4 milyon ədədə çatıb.

Rezin və plastik məmulatlar sahəsində də bir sıra məhsullar üzrə müsbət dinamika qeydə alınıb. Polietilendən kisə və çantaların istehsalı 21,2 faiz artaraq 15,8 min tona, məsaməli plastik kütlədən digər lövhələrin istehsalı 18,9 faiz yüksələrək 3 min tona çatıb. Sərt plastmasdan boru, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 3,1 faiz artaraq 35 min ton təşkil edib.

Digər tərəfdən, döşəmə, divar və tavan üçün plastik örtüklərin istehsalında 44,2 faizlik, polietilendən başqa digər plastik kisə və çantaların istehsalında isə 14,3 faizlik artım qeydə alınıb.

Noyabrın 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 13 min ton polietilen, 74,2 min ton gübrə və azot birləşmələri, 57,1 min ton üzvi kimyəvi maddələr ehtiyatı olub. Əczaçılıq məhsulları üzrə anbarlarda 858,4 min manatlıq dərman və 800 min ədəd tibbi maska mövcud olub.