Avropada təbii qazın qiyməti bu gün 8,6% artaraq bir meqavat-saat üçün 96 avroya (105,5 dollar) yüksəlib. Bu, bir həftədən artıq müddətdə qeydə alınan ən kəskin sutkalıq bahalaşmadır. Bloomberg xəbər verir ki, soyuq hava proqnozları fonunda qiymətlər ardıcıl üçüncü gündür artır.
Həftəsonunadək verilən proqnozlarda bu həftə qısamüddətli soyuqlaşmadan sonra havanın yenidən istiləşəcəyi gözlənilirdi. Lakin son meteoroloji məlumatlar Şimal-Qərbi Avropada soyuq havanın dekabrın əvvəlinə qədər davam edəcəyini göstərir.
Atmospheric G2-nin hesablamalarına görə, regionda temperatur son 30 ilin orta göstəricisindən 3–5°C, dekabrın əvvəlində isə normadan 5–8°C aşağı olacaq. MetDesk isə həftənin ortalarınadək Almaniya, Danimarka və Niderlandda küləyin zəifləyəcəyini proqnozlaşdırır. Bu, külək elektrik stansiyalarında istehsalın azalmasına səbəb ola bilər.
Qış mövsümündə enerji tələbatının pik həddinə yaxınlaşdığı bir vaxtda Avropanın qaz anbarlarındakı ehtiyatlar mövsümi orta səviyyədən xeyli aşağıdır. Bloomberg qeyd edir ki, ABŞ və İran arasındakı münaqişənin yaratdığı tədarük fasilələri fonunda qiymət artımı onsuz da azalmış ehtiyatlara əlavə təzyiq yarada bilər.
Asiyada da bu həftə havanın soyuması gözlənilir. Bu amil qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü uğrunda rəqabəti gücləndirə bilər. Proqnozlara əsasən, Yaponiya, Cənubi Koreya, eləcə də Çinin şərq və cənub bölgələrində temperatur iqlim normasından aşağı düşəcək. Həftənin ikinci yarısından dekabrın əvvəlinədək isə istiləşmə və temperaturun orta göstəriciləri üstələməsi ehtimal olunur.
Qeyd edək ki, “Qazprom” soyuq qış şəraitində Avropada qazın qiymətinin 1 000 kubmetr üçün 2 500 dollara yüksələ biləcəyini proqnozlaşdırır. Dünya Bankının rəhbərliyi də Rusiyadan qaz tədarükündən imtina ilə əlaqədar Avropa ölkələrində qiymətlərin arta biləcəyi barədə xəbərdarlıq edib.
Avropa İttifaqı Şurası Rusiya LNG tədarüklərinə 1 yanvar 2027-ci ildən, boru kəməri qazının idxalına isə 30 sentyabr 2027-ci ildən tam qadağa qoyulmasını razılaşdırıb.
MONETAR.AZ