Mis bazarında dönüş: qiymətlər yenidən yüksəlişə keçib

Mis bazarında dönüş: qiymətlər yenidən

Süni intellekt (Sİ) sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə tələbatla bağlı narahatlıqlar fonunda ötən həftə 9%-dən çox ucuzlaşan misin qiyməti bazar ertəsi yenidən artım nümayiş etdirib.

London Metal Birjasında (LME) misin bir tonunun qiyməti 1% yüksələrək 12 287 dollara çatıb. Ötən həftə isə metalın dəyəri mart ayından bəri ən aşağı səviyyəyə enmişdi.

Elektrik naqillərinin istehsalında geniş istifadə olunan mis sentyabr ayında tarixi maksimuma yüksələrək bir ton üçün təxminən 15 000 dollara çatmışdı. Bu bahalaşmanın əsas səbəblərindən biri məlumat mərkəzlərinin artan tələbatı olub.

Lakin noyabr ayında ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsindən sonra misin qiymətində kəskin eniş qeydə alınıb. Seçkilərin nəticələri süni intellekt infrastrukturu layihələrinə daha sərt tənzimləyici nəzarətin tətbiq oluna biləcəyi ilə bağlı gözləntiləri artırıb.

Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp administrasiyasının saflaşdırılmış misə mümkün idxal rüsumları tətbiq etməsi ehtimalı bazarda əlavə qeyri-müəyyənlik yaradır.

Belə rüsumlarla bağlı gözləntilər daha əvvəl metalın ABŞ-a böyük həcmdə daşınmasına səbəb olmuşdu. Nəticədə digər regionlarda mis ehtiyatları azalmış, bu isə qiymətlərin dəstəklənməsinə və Çində təklif çatışmazlığının yaranmasına şərait yaratmışdı.

MONETAR.AZ