ABŞ-ın texnologiya şirkəti Oracle-ın həmtəsisçisi Larri Ellisonun sərvəti son 3 ayda təxminən 40 milyard dollar azalıb. Forbes-in real vaxt rejimində yenilənən milyarderlər reytinqinə əsasən, 22 noyabr 2026-cı il tarixinə onun sərvəti 137,7 milyard dollar qiymətləndirilib.
Monetar.az xəbər verir ki, sərvətin azalması əsasən Oracle səhmlərinin dəyər itirməsi ilə əlaqədardır. Şirkətin səhmlərinin qiyməti noyabrın 20-də 7,5 faiz ucuzlaşaraq təxminən 102 dollara düşüb. Bu, 2024-cü ilin yanvarından bəri ən aşağı göstəricidir.
Forbes-in məlumatına görə, həmin gün Ellisonun sərvəti bir gündə 7,9 milyard dollar azalaraq 140,8 milyard dollara enib. Nəticədə o, milyarderlər siyahısında üç pillə geriləyib. Walmart şirkətinin varisləri Rob və Cim Uolton, eləcə də Inditex-in həmtəsisçisi Amansio Orteqa onu qabaqlayıb.
Oracle səhmlərinə təzyiq göstərən əsas amillərdən biri şirkətin süni intellekt infrastrukturuna böyük həcmdə investisiya yatırmasıdır. Şirkətin 2026-cı maliyyə ilində kapital xərcləri 55,7 milyard dollara çatıb. Eyni zamanda, borc öhdəliklərinin təxminən 125 milyard dollara yüksəlməsi investorların narahatlığını artırıb.
Qeyd edək ki, Oracle 2025-ci ilin sentyabrında səhmlərinin kəskin bahalaşması nəticəsində bazar dəyərini əhəmiyyətli dərəcədə artırmışdı. Həmin vaxt şirkətin səhmləri 319 dollara qədər yüksəlmişdi. Lakin sonrakı dövrdə süni intellekt infrastrukturuna çəkilən xərclərin və borclanmanın artması investorların şirkətin gələcək maliyyə nəticələrinə dair gözləntilərinə təsir göstərib.
Beləliklə, Ellisonun sərvətindəki azalma onun bu məbləğdə vəsaiti nağd şəkildə itirməsi demək deyil. Söhbət əsasən sahib olduğu Oracle səhmlərinin bazar dəyərinin aşağı düşməsi nəticəsində sərvətinin kağız üzərində azalmasından gedir.